Sosial şəbəkədə biz:

İsmayıllıda DƏHŞƏT: Körpü uçdu, şəhərlə əlaqə kəsildi – VİDEO

21 June 2018, 19:00
Gündəm
İsmayıllıda uçan körpü Qalacıq kəndini şəhərdən təcrid edib. ARB TV xəbər verir ki, rayonun Qalacıq kəndində yağan yağışlar nəticəsində avtomobil körpüsünün uçması kəndin rayonla əlaqəsini kəsib. Qaraməryəm-İsmayıllı yolunun 46-cı kilometrliyindən ayrılan Sumahallı-Qalacıq kəndinin giriş avtomobil yolunun 7-ci kilometrliyində Qalacıq çayı üzərində olan körpü uçub. 1970-ci illərdə fiziki şəxslər tərəfindən tikilən körpünün özəl dayaqları son günlərdə yağan güclü yağışlar və sel səbəbindən yuyulub. Nəticədə körpü qəzalı vəziyyətə düşüb. Etibar Əliyev – Bakı sakini: “Bakı şəhərindən bura istirahətə gəlmişdim. Burada sel olduğuna görə körpü dağılıb. İndi evə qayıda bilmirik, maşın qalıb evin bu tərəfində”. Bəxtiyar Rəhimov – Kənd sakini: “2000-ə yaxın əhali yaşayır burda. Təxminən də o qədər qonaq gəlir. Gələnlərin də, bizim də gediş-gəlişimiz burada problemə çevrilir. İsmayıllıya piyada keçirik. Nə gətiririksə əlimizdə keçiririk”. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən verilən tapşırığa əsasən əraziyə ağır texnikalar və canlı qüvə cəlb olunub. Gediş-gəlişi təmin etmək üçün alternativ yol açılıb. Hadisə yerinə baxış keçirən mütəxəssislərin rəyindən sonra körpünün yenidən qurulması və ya bərpası ehtimal edilir.