Sosial şəbəkədə biz:

Havanın sərin keçməsi çimərlik sektorunu müflis edib - REPORTAJ, FOTOLAR

21 June 2018, 20:08
Gündəm
Dəniz mövsümünə start verilsə də, havaların sərin keçməsi çimərlikləri boş qoyub. Ötən illə müqayisədə bu il yay fəsli daha sərin keçir. Öncəki illərdə iyun ayının əvvəlindən əhali çimərliklərə üz tutsa da, bu il hava şəraiti buna imkan vermədi. Xüsusilə küləkli günlərin çox olması vətəndaşları dəniz sevdasından uzaqlaşdırdı. Bu isə təbii ki, çimərlik sahəsində çalışan sahibkarların işini çətinə salıb. Mövsümün əvvəlindən hazırlıq görərək müştəri yolu gözləyən obyektlər demək olar ki, boş qalıb. Musavat.com olaraq, çimərliklərə baş çəkib vəziyyətlə tanış olmağa çalışdıq. Bakının ən məşhur çimərliklərinin olduğu Novxanıda dəniz sahilində sakitlik hökm sürür. Havanın küləkli və dənizin dalğalı olmasına baxmayaraq, bəzi çimərliklərdə vətəndaşlar gözə dəyirdi. Dənizə gələnlər çimmək üçün deyil, sadəcə istirahət üçün buraya üz tutublar. Novxanı çimərlikləri boyunca onlarla obyekt fəaliyyət göstərir. Buna baxmayaraq hazırda hamısı iflic vəziyyətə düşüb. Çimərliklərin boş qalması sahibkarların durumunu pisləşdirir. Həmsöhbət olduğumuz sahibkarlar nəinki qazanc əldə etmək, obyektlərin icarə haqlarını ödəməkdə belə çətinlik çəkəcəklərini bildirdilər: “Novxanı ətrafındakı çimərliklərin bir çoxu özəldir. Obyektləri hər il yay aylarında  icarəyə götürük. Bu il də iyun ayının 1-dən icarəyə götürmüşük. Ancaq bəxtimiz gətirmədi, havalar sərin keçir, çimərliyə gələn yoxdur. Novxanıda bu cür obyektlərin icarə haqqı 2-3 min manatdan başlayır.15 gündən çoxdur ki, gəlirimiz yoxdur. Çimərlikdən istifadə üçün vətəndaşlardan heç bir ödəniş alınmır. Lakin dəniz kənarındakı masalardan istifadə və digər xidmətlər üçün əlavə ödəniş edilməlidir. Gördüyünüz kimi masalar boşdur. 50 masadan cəmi ikisində müştəri əyləşib. Digərləri isə heç bir xidmətdən istifadə etməyən insanlardır.  Yəni, xalq çimərliyindən pulsuz istifadə edirlər”. Havanın sərin və küləkli keçməsi digər xidmət sahələrinin də işini çətinə salıb. Bunlardan biri də çimərliyə gedən yolların kənarında təndir quraraq, çörək, qril və digər məhsullar satan kiçik sahibkarlardır. Onlar da mövsümün bu cür başlamasından və işləyə bilmədiklərindən narazıdırlar. Çünki mövsümi olaraq işləyən bu sahibkarların da əsas  müştəriləri əsasən dənizə istirahətə gedən vətəndaşlardır: “Təqribən bir aydır ki, obyektimiz fəaliyyətə başlayıb. Hər yay rayondan Bakıya gəlirik və yolkənarında təndir icarəyə götürüb işlədirik. Əsasən təndir çörəyi, qril, pendir və bəzi kənd təsərrüfatı  məhsulları satırıq ki, əsas alıcılarımız da dənizə dincəlməyə gedənlərdir. Bu il də mayın sonundan hazırlıq gördük və iyunun 1-dən artıq xidmətə tam hazır idik. Lakin hələ də normal qazancımız yoxdur, mayamızdan yeyirik. İcarə haqqını çətinliklə əldə edirik”. Çimərliklərdə müşahidə apardığımız zaman dəniz suyunun və qumunun çirklənmə vəziyyətinə də nəzər saldıq. Novxanı çimərliklərini bu baxımdan yararlı hesab etmək olar. Xalq çimərliyində dəniz sahili bir qədər çirkli olsa da, özəl çimərliklər bu baxımdan nümunəvidir. Məlumat üçün qeyd edək ki, bu il Ekologiya və Təbii Sərvətlər Nazirliyi də sakinlərə daha çox Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı qəsəbələrinin sahil zolağı, Novxanı və Corat bağlarının sahil boyu ərazilərindəki çimərliklərdən istifadəni məsləhət görüb və bu  ərazilərdə dəniz suyunun istifadəyə yararlı olduğu bildirilib. Lakin Sumqayıtda, Qaradağ rayonundakı Sahil və Şıx çimərliklərində zərərli maddələrin miqdarının normadan artıq olduğu açıqlanıb. Təhlükəsizlik məsələsinə gəlincə, Sahil və Şıx çimərliklərində vəziyyət daha ürəkaçandır. Bütün çimərliklərdə müşahidə postları qurulub, FHN tərəfindən dənizdə xüsusi qadağa nişanları qoyulub. Lakin Novxanı çimərliklərində bir çoxunda nə müşahidə postu, nə də qadağa nişanı. Burada vətəndaşların təhlükəsizliyi üçün heç bir tədbir görülməyib. Ən azından ərazidə olduğumuz zaman vizual olaraq bu tədbirlərin şahidi ola bilmədik. Özəl çimərliklər də daxil olmaqla heç birində təhlükəsizlik tədbirləri görülməyib. Sahibkarlarla söhbətimiz zamanı bəlli oldu ki, hər yay ən azı bu çimərliklərdə ölüm hadisəsi baş verir. Özəl çimərliklərin sahibləri də bu məsələ ilə bağlı şikayətçidirlər. Onlar da müştərilərinin təhlükəsizliyi üçün aidiyyatı dövlət qurumları tərəfindən tədbirlərin görülməsini istəyirlər: “Ən çox suda boğulma hadisələri Novxanı çimərliklərində baş verir. Təkcə ötən il 15 nəfərə yaxın adam dənizdə batdı. Səbəb isə içkili vəziyyətdə suya girərək dənizin dərin yerlərinə qədər üzmələridir. Qadağa nişanları və hər hansı nəzarət olmadığı üçün onları geri qaytarmaq da mümkün olmur”. Müşahidələrimiz zamanı da dənizə gələnlərin gözdən itəcək qədər uzağa üzdüyünün şahidi olduq. Onu da öyrəndik ki, Şıx və Sahil çimərliklərində spirtli içkiyə qadağa qoyulduğu halda, burada heç bir qayda-qanuna əməl olunmur. Hətta obyekt sahibləri öz qazanclarını güdərək müştərilərə pivə təklif edirlər. Ümumilikdə isə, nə qədər qadağa qoyulsa da, çimərliyə gələn  insanların spirtli içki qəbul etməsinə nəzarət edilməsi praktiki olaraq mümkün deyil. Qeyd edək ki, Novxanıda özəl çimərliklərə giriş sərbəst olsa da, bir masada əyləşmək 10-15 manata başa gəlir. Çimərlik mövsümünün ən qəzğın vaxtlarında isə bu qiymətlər bir qədər də yüksəlir. Lakin hava şəraiti ilə bağlı tələbin az olması səbəbindən bir çox çimərliklər qiymətlər 5 manatdan başlayır. Müqayisə üçün bildirək ki, Şıx çimərliklərində giriş sərbəst deyil, qiymətlər adambaşına hesablanır. Bir nəfərin çimərliyə daxil olması üçün 3 manat tələb olunur. Bundan əlavə, masa, lejanka və digər xidmətlər üçün də əlavə ödəniş alınır. Bəzi çimərliklərdə isə sadəcə giriş haqqı adambaşına 10-12 manatdır.