Abituriyentlər iki ciddi faktla üz-üzə: Universitetlərdə tələbə "aclığı" başlayıb - ŞƏRH
K.Əsədov bu şəraitdə abituriyent sayının azalmasının səbəblərinə də aydınlıq gətirib: "Azərbaycan ali təhsil müəssisələrinə qəbul olunmaq üçün ərizə verənlərin sayının azalmasının əsas səbəbi DİM tərəfindən keçirilən imtahanların qiymətinin baha olmasıdır. Digər səbəbləri ölkədə fəaliyyət göstərən universitetlərdə təhsil haqqı məbləğinin yüksək, təhsilin keyfiyyətinin isə aşağı səviyyədə olmasıdır. Buna görə də məzunların əksəriyyəti xarici ölkələrdə təhsil almağa çalışır".
Təhsil eksperti Məlahət Mürşüdlü də bu məsələnin ciddi araşdırılmalı olduğunu düşünür: "Azərbaycan universitetlərinin 85 faizində təhsil ödənişlidir. Ona görə abituriyentlər arasında araşdırma aparılmalı, sorğular keçirilməlidir ki, problemin kökü tapılsın. Abituriyentlərin Azərbaycan universitetlərinə hansı səbəbdən maraqlarının olmadığı öyrənilsin". Xanım ekspert müşahidələri nəticəsində o qənaətə gəlib ki, bəzi ailələrin Azərbaycan universitetlərini seçməməsinin səbəblərindən biri təhsil haqqının yüksək olmasıdır: "İkinci məsələ isə, Azərbaycanda ali məktəbə qəbul olmağın çətinliyidir. Ona görə də abituriyentlər xarici ölkələrə, xüsusilə Türkiyə universitetlərinə üz tuturlar. Orada qəbul çox asandır, oxumaq isə xeyli çətindir. Bizdə isə qəbul çətindir, oxumaq asan. Təhsil Nazirliyi bu məsələni araşdırmalı və problemin həlli yolunda müəyyən addımlar atmalıdır". Təhsil ekspertlərinin məsələ ilə bağlı düşüncələrini soruşduqdan sonra qərara gəldik ki, bu barədə xaricdə ali təhsil almış və ya alan tələbələrin də fikirlərini öyrənək. Hansı səbəbdən ali təhsil almaq üçün xarici ölkələrin universitetlərini seçdiklərini soruşaq. Hazırda Qazaxıstanın Türküstan şəhərində yerləşən Əhməd Yasəvi adına Beynəlxalq Türk-Qazax Universitetində ali təhsil alan Ruslan Cahangirli bildirdi ki, həmin ali məktəbi seçməkdə başlıca səbəb təhsilin tamam ödənişsiz olmasıdır: "Əlavə olaraq, burada təhsil alan tələbələr üçün nəzərdə tutulmuş Qazaxıstan və Türkiyə dövlətlərinin təqaüd proqramından da yararlanmaq mümkündür"."Məsələnin digər tərəfi isə bundan ibarətdir ki, 4-5 il boyunca təhsil aldığın ölkədə həm də o ölkənin dilini öyrənmək üçün böyük şans yaranır. Təhsil aldığın coğrafiyanın da sənə qazandırdıqları az olmur. Təhsillə yanaşı, həm də böyük təcrübə əldə etmiş olursan. Fərqli dünya görüşünə yiyələnirsən. Bütün bunlar da hər bir gəncin gələcək həyatında əhəmiyyəti rola oynayır" — deyə Ruslan Cahangirli əlavə etdi.
Orta və magistratura təhsilini Almaniyada almış Rəşad Quliyev isə seçimini belə əsaslandırdı: "Ailəm ilə Almaniyada yaşadığım üçün orta məktəbi Almaniyada bitirmişəm. Lakin daha sonra vətənə qayıdaraq təhsilimi Bakı Dövlət Universitetində davam etdirmişəm. Magistr təhsilimi isə yenidən Almaniyada aldım. Buna səbəb isə Avropaya inteqrasiya, geniş biznes əlaqələri, iş imkanlarıdır. Və təbii ki Avropada yaşayan insan üçün bu təhsil yaxşı karyera qurmaq imkanı verir".