Öz maaşlarını azaldan dünya liderləri - Video
Meksikanın prezidenti olacaq Andres Manuel Lopez Obrador (Amlo kimi tanınır) maaşını 60 faiz azaltmağı planlaşdırır.
Qalib gəlmiş solçu namizəd ayda təxminən 5700 dollar qazanacaq və digər heç bir rəsmi şəxs ondan çox qazana bilməyəcək. Cənab Lopez Obrador deyib ki, rəsmi iqamətgah olan Los Pinos mədəniyyət mərkəzinə çevriləcək. Lakin maaşının azaldılacağını bəyan edən təkcə Meksika prezidenti deyil. Bəzi liderlər bu populist addımı atmaqla göstətmək istəyirlər ki, xalqa daha yaxındırlar, Leibniz Universitetindən Dr Philipp Koeker deyir. Reality Check komandası bunun baş verdiyi bəzi ölkələrə nəzər salıb. Lakin dünya liderlərinin gəlirləri arasında böyük fərq mövcuddur. Sinqapur baş naziri Lee Hsien Loong-un dünyada ən çox qazanan dövlət başçısı olduğu deyilir. O, ildə 2 milyon dollardan çox maaş alır. Britaniyanın baş naziri Theresa May ildə təxminən 200 000 dollar qazanır. Almaniya kansleri Angela Merkelin gəliri isə 260 000 dollardan çoxdur. Çin prezidenti Xi Jinping-in isə sadəcə 22000 dollar aldığı deyilir. Başqa kimlər maaşlarının azaldılmasına gedib? 2015-ci ilə qədər hakimiyyətdə olmuş Uruqvay prezidenti Jose Mujica dünyanın ən kasıb prezidenti kimi tanınırdı. O, 9700 dollar olan aylıq maaşının 90 faizindən imtina etmişdi. Bir çox liderlərin maaşlarından qismən imtina etmələrinə baxmayaraq onlar hələ də bir çox imtiyazlardan istifadə edirlər. Lakin cənab Mujica köhnə maşın sürüb və prezident iqamətgahından imtina edərək kiçik bir daxmada yaşayırdı. Regionda başqa bir ölkənin, Boliviya prezidenti Evo Morales maaşını ayda təxminən 1300 dollara endirib. Boliviyada heç bir dövlər məmurunun prezidentdən daha çox qazanmasına icazə yoxdur. 2015-ci ildə Braziliyanın prezidenti olmuş Dilma Roussef ölkədəki iqtisadi böhrana görə dövlət iş yerlərinin sayını kəskin azaltmış və öz maaşını da 10 faiz aşağı endirmişdi. Beləcə o, ildə təxminən 68000 dollar qazanırdı.