Sosial şəbəkədə biz:

Keşlə qəsəbəsində iki gündür ki, su yoxdu - "Azərsu" isə problemin həll edildiyini deyir

25 July 2018, 11:54
Gündəm
Nizami rayon Keşlə qəsəbəsi sakinlərinin Azinforum.az-a  verdiyi məlumata görə,  qəsəbənin böyük hissəsini əhatə edən Nizami Abdullayev küçəsində  ("Avromed" firmasının mərkəzi ofisinin olduğu ərazi) iki gündür ki, su problemi yaşanır: "Yayın günündə suyumuzu birdəfəlik kökündən kəsiblər. Çox çətin vəziyyətdir. Son 20 ildə ilk dəfədir ki,  burada suyun verilməsində belə uzun  fasilə yaranır.  Səbəbini də izah edən yoxdur. Heç olmasa maşınlarla  gətirib  evlərə su paylasalar yaxşı olar, yoxsa antisanitariya vəziyyəti yaranacaq". Azinforum.az olaraq  yaranmış vəziyyəti   aydınlaşdırmaq üçün,  "Azərsu"nun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxladıq. O, saytımıza açıqlamasında dedi ki, "Babək" prospektində aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq, qəsəbənin bir hissəsində suyun verilməsində vasilə yaranıb: "Bununla bağlı qurum tərəfindən müvafiq elan  verilib". “Azərsu”nun Nizami Rayon Sukanal İdarəsinin rəis müavini Azinforum.az-a açıqlamasında bildirdi ki,  aparılan təmir işləri gecə saat 4-də yekunlaşıb və artıq borulara su vurlub: "Gün ərzində problem öz həllini tapacaq.  Əhalinin su ilə təmin olunması üçün həmin əraziyə su maşınlarının göndərilməsinə göstəriş verilib". Çinarə, Azinforum.az