Keşlə qəsəbəsində iki gündür ki, su yoxdu - "Azərsu" problemin həll edildiyini deyir
Nizami rayon Keşlə qəsəbəsi sakinlərinin Azinforum.az-a verdiyi məlumata görə, qəsəbənin böyük hissəsini əhatə edən Nizami Abdullayev küçəsində ("Avromed" firmasının mərkəzi ofisinin olduğu ərazi) iki gündür ki, su problemi yaşanır: "Yayın günündə suyumuzu birdəfəlik kökündən kəsiblər. Çox çətin vəziyyətdir. Son 20 ildə ilk dəfədir ki, burada suyun verilməsində belə uzun fasilə yaranır. Səbəbini də izah edən yoxdur. Heç olmasa maşınlarla gətirib evlərə su paylasalar yaxşı olar, yoxsa antisanitariya vəziyyəti yaranacaq".
Azinforum.az olaraq yaranmış vəziyyəti aydınlaşdırmaq üçün, "Azərsu"nun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxladıq. O, saytımıza açıqlamasında dedi ki, "Babək" prospektində aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq, qəsəbənin bir hissəsində suyun verilməsində vasilə yaranıb: "Bununla bağlı qurum tərəfindən müvafiq elan verilib".
“Azərsu”nun Nizami Rayon Sukanal İdarəsinin rəis müavini Azinforum.az-a açıqlamasında bildirdi ki, aparılan təmir işləri gecə saat 4-də yekunlaşıb və artıq borulara su vurlub: "Gün ərzində problem öz həllini tapacaq. Əhalinin su ilə təmin olunması üçün həmin əraziyə su maşınlarının göndərilməsinə göstəriş verilib".
Çinarə,
Azinforum.az