Sosial şəbəkədə biz:

Firdovsi Əliyev: "Azərbaycanda meşə yanğınlarının 90 faizi insan faktoru ilə bağlıdır"

03 August 2018, 12:35
Gündəm
Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşə və çöl yanğınları ilə bağlı mətbuat konfransı keçirib. Tədbirdə nazirliyin rəsmiləri və media nümayəndələri iştirak ediblər. Toplantıda çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib ki,  əsas müzakirəsi hər birimiz üçün çox həssas məsələ olan meşə yanğınlarıdır: "Ümumiyyətlə, nəzərinizə çatdırmaq istərdim ki, yer kürəsində baş verən yanğınların 70 faizi insan faktoru ilə bağlıdır, yəni kənar təsirlərdən baş verir. Dünyanın inkişaf etmiş ölkələrində də meşə yanğınları olur, heç bir ölkə bundan sığortalanmayıb. Lakin Azərbaycanda baş verən yanğınların isə 97 faizi insan faktoru ilə bağlıdır. Bəzi ölkələrdə yanğın təbii səbəblərdən baş verir. Məsələn, iynəyarpaqlı ağaclarda öz-özünə yanma prosesi gedir. Rusiya kimi böyük ölkədə meşələrdə torf ehtiyatları var. Torfda yavaş oksidləşmə sayəsində yanğın ola bilər. Ancaq Azərbaycanda yanğınlar daha çox kənar təsirlərdən baş verir. Səbəb isə odur ki,  ölkəmizdə meşələrin 85 faizi dağlıq ərazilərdə yerləşir, 15 faizi isə düzənlik ərazilərdə. Bizim meşələrimizdə kifayət qədər rütubət ehtiyatı olduğuna görə , meşələrin öz-özünə yanma ehtimalə sıfıra bərabər olur". Nazir müavini onu da vurğuladı ki, kənar müdaxilələrin də başında gələn səbəb taxıl zəmiləri biçildikdən sonra həmin əraziyə od vurulmasıdır:  "Bu cür ehtiyatsız  hərəkətlər təbiətimizə nə qədər ziyan vurur. Meşə təkcə ağac və kol demək deyil, biosferin tərkib hissəsidir, coğrafi landşaftın bir elementidir. Yer kürəsindəki heyvanların yarısı meşələrdə yaşayır. O ölkə yaşıl ölkə sayılır ki, onun ərazisinin 20-22 faizi yaşıllıqlarla örtülü olsun. Azərbaycanda isə yaşıllıq cəmi 12 faizdir. Bu bir daha bizi həmin meşələrə diqqətlə yanaşmamızın vacibliyini göstərir".