“Dəmirovun adam öldürdüyünə hələ də inana bilmirəm” - Foto
Sabiq daxili işlər naziri İsgəndər Həmidov Etimad İsmayılovun ölümündə təqsirləndirilən şəxs barədə danışıb.
Xəbər verildiyi kimi, dünən gecə sabiq ədliyyə naziri, Ədalət Partiyasının rəhbəri İlyas İsmayılovun iş adamı olan oğlu Etimad İsmayılov Türkiyədəki ofisində qətlə yetirilib.
Musavat.com xəbər verir ki, qısa axtarışdan sonra Etimad İsmayılovun qətlində şübhəli bilinən Gözəl Dəmirov saxlanılıb. Onun Beşiktaş ərazisində tərk edilmiş maşınını tapan polislər gecə 00:01 radələrində Dəmirovu yaxalayıb.
Dəmirovun Azərbaycandan getməsi isə, deyilənə görə, onunla bağlı olub ki, 90-cı illərdə onun həbsinə hazırlıq gedirmiş.
Gözəl Dəmirov haqqında musavat.com-a açıqlama verən sabiq daxili işlər naziri İsgəndər Həmidov bu hadisədən dərin təəssüf hissi keçirdiyini bildirdi.
“93-cü ildən sonra mən onu görməmişəm. Amma o və ailəsi Azərbaycanda olduğu müddətdə sayılıb-seçilən insanlardan olublar. Özü Bakı istintaq idarəsi, Suraxanı rayonunda və Daxili İşlər Nazirliyində təhlükəsizlik idarəsinin rəisi işləyib. O, mənim ağlımda yalnız sakit təbiətli və mərd insan olaraq qalıb. Hələ də onun kimisə öldürəcək həddə çatmasına inana bilmirəm”.
İ.Həmidov deyir ki, sonralar Dəmirovun Türkiyədə və Belarusda biznesi olduğunu eşidub: “Tam sübut olunmadan heç kim deyə bilməz ki, Gözəl Dəmirov Etimad İsmayılovu nəyə görə, hansı səbəblə öldürüb. Müxtəlif versiyalar qurmaq olar, həqiqət olub-olmaması şübhə altındadır. Çünki onların heç biri insanlar tərəfindən nifrətlə qarşılanan adamlar olmayıblar”.
Sosial şəbəkədə G.Dəmirovun 1992-ci ilin iyulunda Astarada həyata keçirilən “Subtropik” əməliyyatında iştirakçı olması barədə səslənən iddialardan danışan İsgəndər Həmidov bildirir ki, o, bu əməliyyada iştirak etməyib, o zaman Rövşən Əliyev və Elnur Quliyev sözügedən əməliyyatın əsas iştirakçılarından olublar.

