Sosial şəbəkədə biz:

Zahid Xəli: “Hansı ağılsız tələbə rektorun sözünü qoyub, Kəramətin sözünə qulaq asar?”

Zahid Xəli: “Hansı ağılsız tələbə rektorun sözünü qoyub, Kəramətin sözünə qulaq asar?”
Xəbər Şəkli
22 October 2026, 12:03
Cəmiyyət

Mədəniyyət Nazirliyinin Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində keçirdiyi “Ən çox oxunan müəllif 2026” nominasiyası müzakirələrə səbəb olub. Yazıçı Kəramət Böyükçöl sosial media hesabında universitet tələbələrindən birinin ona ünvanladığı mesajı paylaşaraq iddia edib ki, yazıçı, professor Zahid Xəlil bütün universitet rektorlarına özünü tapşırtdırıb, müəllimlər dərslərə girib tələbələri Zahid Xəlilə səs verməyə məcbur edirlər. “Buna baxmayaraq mən birinci yerdəyəm. Onların yaxın rektor dostları var, mənim də 145 min izləyicim var”, - deyə Kəramət Böyükçöl bildirib.

Pravda.az deyilənlərin doğru olub-olmaması ilə bağlı professor Zahid Xəlilin mövqeyini öyrənməyə çalışıb.

Zahid Xəlil iddiaları təkzib edib: “Hansı ağılsız tələbə rektorun sözünü qoyub, Kəramətin sözünə qulaq asar? Nə bilim, Kəramətdir, sözdür də, deyir. Mən onu qeyri-ciddi hesab edirəm, cavab vermək istəmirəm, çünki onun atası Qəşəm Nəcəfzadə ilə çox yaxın dostam. Bu dostluq isə adi Kəramət söhbəti deyil, biz həmişə dost olacağıq. Kəramət haqqında nə deyim? Deyib, deyib də... Universitet rektorları arasında dostlarım çoxdur. Bununla fəxr edirəm, çünki onlar dövrümüzün, zəmanənin ağıllı, savadlı, mədəni adamlarıdır. Mən özümü rektorlara niyə tapşırtdırmalıyam ki? Özümün bu qədər oxucularım var. İl ərzində iyirmi məktəbdə oluram, şagirdlərlə görüşürəm. Onlar məni çox sevirlər. Yəni özümü kiməsə tapşırtdırmağa ehtiyacım yoxdur. Bu, qeyri-ciddi söhbətdir. Aidiyyəti orqanlarımız həmin tələbəni tapıb sübut edə bilərlər ki, hamısı yalandır. Əslində, bu cür adamları məhkəməyə cəlb etmək olar ki, niyə şər atırsınız?”