“Cəmi 30 dəqiqə ərzində Abşeron Mərkəzi Xəstəxanasında sahibsiz it dişləməsi ilə bağlı təxminən 10 nəfərin müraciət etdiyinin şahidi oldum”.
Bu sözləri ekoaktivist Zülfü Fərəcli sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, it dişləməsi ilə bağlı xəstəxanaya müraciət edənlər arasında o da olub:
“Onların arasında mən də, balaca bir uşaq da var idi. Bəs bu insanların günahı nə idi? Məni dünən yanımdan keçən it dişlədi. Bilmirəm, bəlkə, şalvarımı bəyənməmişdi! Zarafat bir yana, məsələ heç də gülməli deyil.
Azərbaycanın da qoşulduğu qlobal təşəbbüsün məqsədi 2030-cu ilə qədər itlərdən insanlara keçən quduzluqdan ölümləri sıfıra endirməkdir.
Azərbaycanda da vəziyyət narahatedicidir: 2023-cü ildə 43 968 heyvan dişləməsi qeydə alınıb, bunların 33 712-si it dişləməsi olub. Həmin il quduzluqdan 3 nəfər həyatını itirib”.
Zülfü Fərəcli paylaşımında həmçinin qeyd edib ki, Xırdalanda və bütövlükdə Azərbaycanda bu problemə sistemli yanaşılmalı və onun həlli istiqamətində tədbirlər görülməlidir.
“Xırdalanın tıxacdan da vacib problemi var: quduzluq riski!” – deyə ekoaktivist paylaşımında qeyd edib.