"Zəhramı məndən almayın" — köhnə "Lada"da Qarabağ dərdini daşıyan insanın üsyanı

Seymur Mirzəyev 1991-ci ildən 1997-ci ilə qədər hərbiçi olub, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib. Bu gün isə taksi sürücüsü kimi Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə təmənnasız xidmət göstərir. Deyir ki, Qarabağ müharibəsi əlillərini pulsuz gəzdirməsi öz həyatı ilə bağlıdır: "Müharibə yaşamayan adam onun nə olduğunu bilməz. Bu gün əlimdən gələn ancaq, Qarabağ müharibəsində sağlamlığını itirmiş şəxslərə xidmət etməkdir. Yaşadığım ağır, çətin günləri onların da yaşamasını istəmirəm".
Dediyinə görə, xidmət göstərdiyi şəxsin həqiqətən də Qarabağ veteranı olmasını dəqiqləşdirməkdə çətinlik çəkmir: "Vəsiqəsini tələb edib baxıram, sonra xidmət etdiyi hərbi hissəni, komandirini, döyüşlərdə olduğu əraziləri soruşuram. Söhbət edirəm, həm onları tanıyıram, həm də bu da bir təsəlli olur ki, o günləri görən, ağrısını yaşayan tək mən olmamışam". Təəssüflər olsun ki, sağlamlığından Vətən uğrunda keçmiş həmvətənlərimizə təmənnasız xidmət göstərən taksi sürücüsünü aldatmaq istəyənlər də olur: "Aldatmaq istəyən də, sərxoş halda olan da minir avtomobilimə. Eləsi olub ki, vəsiqəsini göstərib, tək olduğunu bildirib, ancaq minəndə 4 nəfər olduqları məlum olub. Onları Xəzər yaşayış məntəqəsindən Lökbatana aparmışam. Yanındakılar mübahisə etmək istəyiblər, Qarabağ əlilinin əli əsalı olduğuna görə dinməmişəm". Seymur Mirzəyev Şamaxıda dünyaya gəlsə də, bütün həyatı Bakıda keçib. Hazırda keçmiş "Sovetski" deyilən ərazidə yaşayır. Dediyinə görə, həyat yoldaşı uzun müddətdir onu tərk edib, böyük oğlu ilə yaşayır. Tək təsəllisi isə nəvəsi — kiçik oğlunun qızı Zəhradır: "İndi də Zəhramı əlimdən almaq istəyirlər. Oğlum Vidadi dünyasını dəyişəndən 6 ay sonra gəlin atası evinə qayıtdı. Tez-tez gedib nəvəmi görürdüm, onunçün bazarlıq edirdim. İndi gəlinim Türkiyə vətəndaşı ilə ailə qurmağa hazırlaşır, istəyir ki, nəvəmi də özüylə aparsın. Amma mən buna razı deyiləm, Zəhra olmasa, yaşaya bilmərəm".
Dünya təkcə pis insanlardan ibarət deyil, yaxşıları da çoxdur. Nə xoş ki, Seymur Mirzəyev də tez-tez yaxşı insanlarla qarşılaşır: "Bəzən polislərimiz mənə kömək edirlər. Bir neçə dəfə qayda pozmuşam, əlil qardaşımızı İmişliyə, Sabirabada, Şamaxıya, Ağsuya pulsuz aparanda. Sağ olsunlar, polislərimiz mənə yol göstəriblər, incitməyiblər".
S.Mirzəyevin avtomobilinin, düz 30 yaşı var: "Vaz 2109"-dur avtomobilim. Mühərrik həcmi 1,300-dür. Bu maşın məni dağa belə, çıxarıb. Yollarda bəzən digər sürücülər sovet maşınıdır deyə, sıxışdırırlar məni. Onlar da, adətən, bahalı maşın sürənlər olur. Avtomobilimə şəkil vurduğum üçün, yazı yazdığım üçün digər sürücülərin tənqidinə də tuş gəlirəm". Qəhrəmanımız 1991-ci ilin noyabr ayında ön cəbhəyə göndərilib. O vaxt uşaqları da balaca imiş. 1997-ci ilin mart ayında Heydər Əliyevin fərmanına əsasən, yaşı çox olduğu üçün hərbidən geri çağırılıb: "Mən cəbhədə olanda ailəmin çox çətin günləri olub. Hətta əmək haqqımı belə, yoldaşıma vermirdilər. Çiynimdə silahla gəlib əmək haqqımı alıb vermişəm yoldaşıma. Həmin dövrlərdə Hacıbala Abutalıbov Suraxanı rayonunda icra başçısı idi. O, mənə, təxminən, min manat pul vermişdi ki, ailəm ac qalmasın".
Ürəyində oğul dağı gəzdirən Seymur Mirzəyev deyir ki, bəzən sərnişinlərdən, həmçinin digər taksi sürücülərindən Qarabağ əlillərinə, şəhid ailələrinə qarşı gördüyü laqeydlik də onu məhv edir: "Eləsi var, deyir ki, "ölən ölüb, biz neyləyək, bizim üçün ölməyib ki". Deyirəm axı siz o ağır günləri yaşamamısız, görməmisiz, ona görə onların qədrini anlamazsız. Elələriylə qarşılaşanda əsəbləşirəm, sakitləşmək üçün dərman içirəm".
Təəssüf ki, Seymur Mirzəyevlə daha ətraflı danışa bilmədim. Maşınına əlindəki əsaya söykənərək çətinliklə addımlayan orta yaşlı bir kişi yaxınlaşdığına görə Seymur dayı mənimlə sağollaşıb işinin başına keçir. Avtomobili gözdən itdikdən sonra isə bayaqdan bizi kənardan izləyən bir qadın iti addımlarla mənə sarı gəlir. Özünü təqdim edib, Sara Musayeva olduğunu və 175 saylı məktəbdə təsərrüfat işləri müdiri işlədiyini deyir. Bildirir ki, şəhid ailəsi olduğu üçün Seymur Mirzəyev daima onun da təmənnasız qulluğunda durur.