Sosial şəbəkədə biz:

Azərbaycanın əfsanəvi “Ağdam” şərabı Ukrayna bazarlarında

01 October 2018, 14:22
Gündəm
Azərbaycanın əfsanəvi “Ağdam” şərabı Ukraynanın bazarlarında satışa çıxarılıb. Bu barədə Ukraynada fəaliyyət göstərən “Tovuz-Vino” şirkətinin rəhbəri Elimxan Mahmudov məlumat verib. Onun sözlərinə görə, keçmiş Sovet İttifaqı dövründə ən çox satılan “Ağdam” şərabı Ukraynanın tanınmış “AŞAN”, “NOVOS” “MEQA” hipermarketlərində, SOCAR-ın yanacaqdoldurma məntəqələrindəki marketlərdə satışa çıxarılıb. E.Mahmudov bildirib ki, “Az-Granata” Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus “Ağdam” şərabına Ukrayna bazarında satışa çıxarılan ilk həftədən maraq artıb: “Keçmiş Sovet İttifaqı dövründə “Ağdam” şərabı məşhurluğu ilə tanındığından, bu gün də insanların bu şəraba marağı böyükdür. “Ağdam” portveyni ilk dəfə 1948-ci ildə istehsal olunub. Onun sovet ölkələri tərəfindən bu qədər sevilməsinin əsas səbəbi tərkibində spirtin miqdarının 19 dərəcə, şəkərin isə 8 faiz olması idi. Bu da onun içilməsini rahatlaşdırırdı”. Qeyd edək ki, Azərbaycana məxsus 50-yə yaxın adda şərab və spirtli içki məhsulları Ukraynanın iri ticarət obyektlərində satışa çıxarılıb. Bunların arasında “Şuşa” brendi də məşhurdur. Yaxın vaxtlarda isə Azərbaycanın “Qarabağ” brendi şərabı Ukrayna bazarında satışa çıxarılacaq.