Paytaxt süpürgəçilərindən çağırış: "Çörəyimizə bais olmayın"
Görəsən süpürgəçilərin özləri seçdikləri peşələri, həyatları, dolanışıqları barədə nə fikirdədirlər?
Sputnik Azərbaycan-nın əməkdaşı bu suallara cavab almaq üçün Xətai rayonunun ərazisindəki müxtəlif Mənzil Kommunal İstismar Sahələrində (MKİS) çalışan süpürgəçilərlə həmsöhbət olub.
Sona Mustafayeva uzun illərdir Xətai rayonu ərazisində yaşayır. Əslən Kürdəmir rayonundan olan bu qadın 1995-ci ildə Bakıya köçüb. Dediyinə görə, ailə həyatı uğursuz alınıb. Bir övladı dünyaya gəldikdən sonra həyat yoldaşından ayrılıb. Rayonda qala bilməyən qadın övladını da götürərək paytaxta gəlib. Bir müddət müxtəlif yerlərdə çalışan Sona xanım 3 ildir ki, Xətai rayonu ərazisində süpürgəçi işləyir.
O, əmək haqqından da, işindən də razıdır: "Səhər-axşam küçələri təmizləyib, öz halal zəhmətimlə pul qazanıram. 350 manatdan çox maaş alıram. Şükür olsun, övladımı da oxuduram, kirayə pulunu da verə bilirəm. Ac qalmırıq".
Dediyinə görə, bəzən sürücülərlə problemlər yaşayırlar: "Biz əziyyət çəkirik, onlar isə küçələri zibilləyirlər. Sürücülərin də müxtəlif xarakteri var. Bəzisi yol verir, bəzisi başımıza qışqırır. Ancaq biz onları da başa düşməyə çalışırıq".
Digər süpürgəçi Gülnarə Hüseynova 20 ildən artıqdır ki, bu işdə çalışır. Dediyinə görə, 30 yaşı olanda həyat yoldaşı dünyasını dəyişib. O da heç kimə möhtac olmamaq üçün işləməyə başlayıb: "Özüm Biləcəridə yaşayıram, üç övladım var. Yoldaşım avtomobil qəzasında öləndən sonra uşaqlarımı da götürüb kirayədə yaşamağa başladım. Bu həyatıma şükür edirəm. Balalarımı halal zəhmətimlə böyütmüşəm. Hamısını da evləndirmişəm. Əmək haqqım yaxşıdır. Həm də dövlət işidir". Süpürgəçi qadın işlərinin səhər saat 7.00-də başlayıb günorta 16.00-da bitdiyin bildirir. Bu işin müqabilində aldığı 350 manat əmək haqqının onu qane etdiyini deyir. İş yerindən onlara mövsümə uyğun geyimlərin verildiyini vurğulayan qadın onu da əlavə edir ki, işlədikləri qurumun rəhbərliyi işçilərin problemlərinə biganə yanaşmır.
Pərvin yollarda sürücülərlə heç bir problem yaşamadığını da qeyd edir: "Hər gün işə gələndə bizi təlimatlandırırlar. Yollarda necə davranacağımızı bilirik. Ehtiyatı əldən vermirik. Buna görə də heç bir problem yaşamırıq".
Süpürgəçi Elmira xanımın 45 yaşı var. Dediyinə görə, 23 ildir süpürgəçiliklə məşğuldur və işindən razıdır: "Dövlət işidir, hər ay əmək haqqımı vaxtında alıram, sığortamız var, hər mövsümdə geyim verirlər".
Rahilə xanım isə əslən Qazax rayonundandır. Uzun illər Rusiyada yaşayıblar, sonradan Qazaxa qayıdıblar. Ancaq rayonda dolana bilmədiklərinə görə 7 il öncə Bakıya köçüblər: "15 il Rusiyada yaşamışam. Sonra Qazaxa qayıtdım. Elə həmin il Bakıya köçdük. Burada kirayədə qalsaq da, işimiz olduğu üçün maddi çətinliyimiz olmur".
"Yollarda sürücülər bizə çox hörmət edirlər. Bəzən yolun kənarında dayanıram. Sürücülər saxlayır, yol verirlər. Yollarda bizim xələtə böyük hörmət var. Xələtimiz bizim üçün yaşıl işıqdır" – deyir süpürgəçi qadın.








