Sosial şəbəkədə biz:

Kim kimə minnətdar olmalıdır? - TƏHLİL

Kim kimə minnətdar olmalıdır? - TƏHLİL
Xəbər Şəkli
18 October 2026, 12:23
Təhlil

Bu yazını  Türkiyəyə qarşı  tənqidlərin axınına düşüb yazmıram.

Məni tanıyanlar, izləyənlər Ərdoğan hökumətinin siyasətini uzun illərdir ki, tənqid etdiyimi görüb.
Bu tənqidlərimə görə dəfələrlə həmkarlarımdan, ayrı-ayrı hökumətyönlü şəxslərdən iradlar eşitmişəm.

Hətta bir dəfə Türkiyənin diplomatlarından biri mənimlə görüşərək bildirmişdi ki, guya yazdıqlarım iki ölkə arasındakı qardaşlıq münasibətlərinə zərbə vurur, düşmənləri sevindirir.

Mənim cavabım isə həmişə eyni olub: Türkiyə xalqına olan sevgimizlə  Ərdoğan hökumətinin siyasətinə münasibətimiz tamamilə fərqli məsələlərdir.

Ərdoğan hakimiyyətini Türkiyədə insan hüquqlarına, söz və mətbuat azadlığına, demokratik institutlara münasibətinə görə tənqid etmişəm.

Avropa Şurası Parlament Assambleyasında akkreditə olunmuş jurnalist kimi Türkiyənin insan hüquqları və demokratiya məsələlərinə görə tənqid olunduğunun şahidi olmuşam. Bir zamanlar demokratiyası ilə qürur duyduğumuz, NATO üzvü olan, Avropa İttifaqının qapısına qədər böyük bir demokratik yol keçən Türkiyə Ərdoğanın sultanlıq iddiası səbəbindən avtoritarizmə sürüklənib.

Heç zaman təsəvvür etməzdim ki, Türkiyə nümayəndə heyəti AŞ PA da nə zamansa azərbaycanlılar kimi dərsini bilməyən uşaq kimi küncə qoyulub danlanacaq.

Ona görə də də Türkiyəni sevmək Ərdoğanı tənqid etməyə mane olmamalıdır.

Ona görə də düşünürəm ki, son günlər iki ölkə arasında yaşananlara münasibət bildirmək haqqı olanlardan biri də mənəm.

Son illərdə, xüsusilə Qarabağ müharibəsindən sonra Azərbaycanda elə bir yanaşma formalaşıb ki, Türkiyə bizə dəstək göstərib və buna görə Azərbaycan Türkiyə qarşısında minnətdarlıq borcunda olmalıdır. Bəzən bu fikir o həddə çatdırılır ki, Türkiyə hökumətinin siyasətini tənqid etmək az qala qardaşlığa xəyanət kimi təqdim olunur.

Türkiyənin Azərbaycana siyasi və hərbi dəstəyini inkar etmək mümkün deyil. Azərbaycan cəmiyyəti bu dəstəyin əhəmiyyətini anlayır və bunu etiraf edir. Ancaq münasibətlərin yalnız bir tərəfin digərinə etdiyi yaxşılıq üzərində qurulduğunu düşünmək də doğru deyil.

Dövlətlərarası münasibətlər təkcə emosiyalara, dostluğa və qardaşlıq şüarlarına deyil, həm də iqtisadi maraqlara, enerji əməkdaşlığına, investisiyalara və qarşılıqlı faydaya əsaslanır.

Hələ bir neçə il əvvəl də yazmışdım ki, Türkiyənin Azərbaycana dəstəyinin arxasında siyasi və iqtisadi maraqlar da dayanır. Bu, dövlətlərarası münasibətlərdə qeyri-adi hal deyil. Türkiyə Azərbaycanla əməkdaşlıqdan siyasi, hərbi, enerji və iqtisadi baxımdan faydalanır. Azərbaycan da Türkiyə ilə tərəfdaşlıqdan öz milli maraqları çərçivəsində yararlanır.

Qarabağ müharibəsindən sonra Türkiyə şirkətlərinin azad edilmiş ərazilərdə geniş tikinti və bərpa layihələrində iştirakı bunun nümunələrindən biridir.
“Cengiz İnşaat”  kimi şirkətlər Azərbaycanda iri layihələr həyata keçirir. Bu, Azərbaycanın Ərdoğana verdiyi bonus idi.

Məncə, bu münasibətlərin iqtisadi tərəfini anlamaq üçün enerji əməkdaşlığına nəzər salmaq kifayətdir.

Azərbaycan Türkiyənin mühüm təbii qaz təchizatçılarından biridir. Eyni zamanda, Azərbaycan qazını Avropa bazarlarına da ixrac edir. Açıq statistik məlumatlar əsasında aparılan müqayisələr Türkiyəyə və Avropaya ixracın orta dəyəri arasında nəzərəçarpan fərq olduğunu göstərir.

2025-ci ilin statistikası üzrə əvvəlki müqayisələrdə Türkiyəyə ixracın hesablanmış orta dəyəri hər 1000 kubmetr üçün təxminən 269 dollar, Avropa üzrə göstərici isə təxminən 467 dollar kimi təqdim olunub.

Bu gün Türkiyə Azərbaycan qazı hesabına enerji təchizatını şaxələndirir.
Deməli, Azərbaycan yalnız Türkiyədən dəstək alan ölkə deyil. O, Türkiyənin enerji təhlükəsizliyinə də mühüm töhfə verir.

 

Bundan başqa Türkiyədə baş vermiş dağıdıcı zəlzələdən sonra Azərbaycanın Kahramanmaraşda zərərçəkən ailələr üçün yaşayış layihəsi həyata keçirməsi mühüm humanitar addım idi.

“Azərbaycan” məhəlləsində 2000 minə yaxən  mənzildən ibarət 68 yaşayış binası tikildi. Bu layihənin Türkiyədə evlərini itirmiş ailələr üçün əhəmiyyətini kiçiltmək olmaz.

Bu gün Azərbaycanda hələ də ağır sosial şəraitdə, o cümlədən yataqxanalarda yaşayan, mənzil probleminin həllini gözləyən yüzlələrlə ailələr olduğu halda biz türk qardaşlarımızın evsiz qalmasına imkan vermədik.

Mənim üçün bu məsələnin ən təsirli tərəfi isə sadə bir azərbaycanlının davranışıdır.

Türkiyədə zəlzələ baş verəndə Sərvər Bəşirli adlı kasıb vətəndaşımızın köhnə avtomobilinə yorğan-döşək və digər yardımlar yükləyərək Türkiyəyə dəstək göstərməsi hamımızın yaddaşında qaldı.
Məncə, həmin görüntülər Azərbaycan xalqının Türkiyəyə olan sevgisini ifadə edən ən təsirli nümunələrdən biri idi.

Köhnə bir avtomobilə yüklənmiş bir neçə yorğan-döşək milyardlarla ölçülən layihələrdən daha böyük mənəvi məna daşıyır. Bir sözlə əsl qardaşlıq qarşılıqlı hörmət, dürüstlük və bərabərlik üzərində qurulur.

Pərviz Həşimli