Sosial şəbəkədə biz:

Hərbi xərclərin artırılması regional güc balansını dəyişə biləcəkmi?

Hərbi xərclərin artırılması regional güc balansını dəyişə biləcəkmi?
Xəbər Şəkli
01 October 2026, 16:09
Təhlil

Ermənistan hökumətinin ölkənin müdafiə xərclərini 563 milyard dramdan 616,5 milyard drama (təxminən 1,7 milyard dollar) qaldırmaq planı Cənubi Qafqazda hərbi balansı və təhlükəsizlik arxitekturasını yenidən diqqət mərkəzinə gətirib. Ötən il Müdafiə Nazirliyinin xərclərində reallaşan 15 faizlik kəsintidən sonra, yeni layihə ilə ayırmaların 9,5 faiz bərpa olunması İrəvanın hərbi strukturları yenidən qurma cəhdi kimi qiymətləndirilir. Lakin bu addımın mahiyyətini tam anlamaq üçün prosesə təkcə Ermənistanın daxili maliyyə siyasəti çərçivəsində deyil, Azərbaycan Maliyyə Nazirliyinin açıqladığı son rəsmi göstəricilər və Gürcüstanın büdcə parametrləri kontekstində neytral şəkildə yanaşmaq vacibdir.

Ermənistan müdafiə üçün borca girir

İrəvanın ayırmağı planlaşdırdığı 616,5 milyard dramın 613 milyarddan çoxu bilavasitə "Müdafiənin təmin edilməsi" proqramına yönəldiləcək. Sənədə əsasən, bu vəsait Silahlı Qüvvələrin şəxsi heyətinin saxlanılması, logistika, kazarma və texniki təchizatın bərpası, ərzaq, geyim, yanacaq təminatı, eləcə də yerli və xarici silah-sursat alışı üçün nəzərdə tutulur. Bununla yanaşı, hərbi təbabət üçün 1 milyard 70 milyon dram, beynəlxalq hərbi əməkdaşlığa 974 milyon dram, humanitar minalardan təmizləmə fəaliyyətinə isə 306 milyon dram ayrılması planlaşdırılır. 

Ancaq büdcənin struktur analizi göstərir ki, İrəvan bu artımı birbaşa iqtisadi gəlirlər hesabına deyil, əhəmiyyətli dərəcədə defisit və borclanma hesabına reallaşdırır. Növbəti dövr üçün dövlət büdcəsinin gəlirləri 3,6 trilyon dram, xərcləri isə 4 trilyon dramdan artıq proqnozlaşdırılır. Hökumət yaranacaq kəsiri bağlamaq üçün 468 milyard dram məbləğində borc almağı planlaşdırır. İqtisadiyyatda təkrar ixracın (re-eksport) payının azalması fonunda ixracın 11,2% düşəcəyi gözlənilir. Eyni zamanda, büdcə təşkilatları əməkdaşlarının maaşlarının 18,6% artırılması və sosial təşəbbüslərə ciddi vəsaitlərin ayrılması göstərir ki, İrəvan administrasiyası hərbi xərclərin bərpası ilə daxili sosial sabitliyi paralel yürütməyə çalışır.

Azərbaycan 5.18 milyard dollar nəyə xərcləyəcək?

Azərbaycanın hərbi maliyyələşmə modeli isə xarici borclanmaya söykənməyən, dövlət gəlirləri ilə tam təmin olunan dayanıqlı strukturu ilə fərqlənir. Azərbaycan Maliyyə Nazirliyinin təsdiqlənmiş göstəricilərinə əsasən, ölkənin müdafiə və milli təhlükəsizlik xərcləri 8 milyard 715 milyon manat (təxminən 5,13 milyard dollar) səviyyəsində müəyyən edilib. 

Maliyyə Nazirliyinin növbəti ilin büdcə layihəsinin ilkin parametrlərinə dair açıqladığı məlumatlarda bu istiqamətdə artım meylinin davam etdiyi görünür. Belə ki, müdafiə və təhlükəsizlik xərclərinin növbəti dövrdə artırılaraq 8 milyard 816 milyon manat (təxminən 5,18 milyard dollar) həddinə çatdırılması nəzərdə tutulur. Bakının ayırdığı bu vəsaitlər azad olunmuş ərazilərdə müasir hərbi infrastrukturun qurulmasına, ordu strukturunun modernləşdirilməsinə, xüsusi təyinatlı və komando birləşmələrinin maddi-texniki bazasının yenilənməsinə, yüksək texnologiyalı HHM sistemlərinin alınmasına və yerli müdafiə sənayesinin gücləndirilməsinə istiqamətləndirilir. 

Gürcüstan NATO-ya arxalanır…

Cənubi Qafqazın üçüncü dövləti olan Gürcüstanın hərbi siyasəti isə hücum və ya aktiv güc balansı yarışından kənar, sırf müdafiə xarakterli model üzərində qurulub. Gürcüstan Maliyyə Nazirliyinin rəsmi göstəricilərinə görə, Müdafiə Nazirliyinin illik büdcəsi 1,9 milyard lari (təxminən 700 milyon dollar) ətrafında formalaşır. Gürcüstanın ümumi müdafiə və təhlükəsizlik blokunun büdcə parametri isə institutların birgə fəaliyyətini əhatə edir. 

Gürcüstanın növbəti dövr üçün büdcə planlamasında kəskin hərbi artım nəzərdə tutulmur. Ayrılan vəsaitlər əsasən şəxsi heyətin sosial təminatının yaxşılaşdırılmasına, əməkhaqlarının pilləli artımına, NATO ilə birgə təlimlərin keçirilməsinə, logistikaya və ölkənin hava hücumundan müdafiə imkanlarının tərəfdaşların dəstəyi ilə saxlanılmasına yönəldilir. Tbilisi regionda hərbi güc nümayiş etdirməkdən ziyadə, tranzit və təhlükəsizlik dəhlizi statusunu qorumağa üstünlük verir.

Müqayisəli göstəricilər təsdiq edir ki, Cənubi Qafqaz ölkələrinin müdafiə strategiyaları və maliyyə imkanları köklü şəkildə fərqlənir:

Azərbaycan regionda ən iri müdafiə büdcəsinə (təxminən 5,18 milyard dollar) malik olmaqla yanaşı, bu xərcləri borclanmadan, daxili gəlirlər hesabına maliyyələşdirir. Bakı üçün əsas prioritet ordunun yüksək texnoloji modelə keçidini tamamlamaq və sərhəd-təhlükəsizlik altyapısını möhkəmləndirməkdir.

Ermənistan büdcəsini 1,7 milyard dollara qaldırmaqla son illərdə yaranmış texniki və struktur kəsirləri aradan qaldırmağa, eləcə də xaricdən aldığı yeni silah sistemlərini maliyyələşdirməyə çalışır. Lakin xərclərin büdcə kəsiri və borc hesabına bağlanması İrəvanın maliyyə manevr imkanlarını məhdudlaşdırır.

Gürcüstan isə təxminən 700 milyon dollarlıq müdafiə büdcəsi ilə tərəfsiz və nisbətən kiçikmiqyaslı müdafiə siyasətini qoruyur, əsas diqqəti NATO standartlarına inteqrasiyaya və daxili təhlükəsizlik altyapısına yönəldir.

Beləliklə, rəsmi büdcə parametrıəri təsdiq edir ki, İrəvanın hərbi xərcləri artırmaq gedişi ölkənin öz hərbi infrastrukturunu bərpa etmək məqsədi daşısa da, Cənubi Qafqazdakı ümumi maliyyə və hərbi nisbət baxımından mövcud balansı köklü şəkildə dəyişmək gücündə deyil.

pressklub.az