Sosial şəbəkədə biz:

Bahçelisayağı siyasi hallüsinasiya

Bahçelisayağı siyasi hallüsinasiya
Xəbər Şəkli
21 November 2026, 10:34
Təhlil

Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) Zirvə Görüşü zamanı ev sahibi Çin lideri Si Cinpinin Donald Tramp və Vladimir Putinlə üçtərəfli formatda göürüşü bütün dünyada geniş müzakirə mövzusudur. Tramp və Putinin bu görüşü “Yalta-2” kimi təqdim etmək cəhdi müzakirələri daha da qızışdırır. Yalta Konfransı tamamilə fərqli şərtlərin, o dövrün gerçəkliyinin diqtəsi ilə gerçəkləşmişdi. Yalta Konfransında qalib dövlətlər - ABŞ, Sovet İttifaqı və Böyük Britaniya - İkinci Dünya Müharibəsinin sonuna yaxın Avropa və dünyada formalaşan geosiyasi vəziyyəti dünya nizamına çevirdilər. 

İndi isə oxşar hal mövcud deyil. Ona görə də “Yalta-2” də mümkün deyil. Çinin Putinə münasibəti bunun ən bariz nəticəsidir. Rusiyanın nüvə gücü və BMT Təhlükəsizlik Şurasının veto hüquqlu beş daimi üzvündən biri olması Putinin Cinpin və Trampla birlikdə üçlü formatda eyni masa arxasında oturmasını təmin etsə də, sammit zamanı Kreml sahibinə göstərilən münasibət Çin dövlətinin onu özü ilə eyni səviyyədə güc kimi görmədiyinin göstəricisi idi. Putinin hava limanında qarşılanmasından başlamış ziyafət məclisində Cinpin və Trampla birlikdə eyni masa arxasında oturmasına imkan verilməməsi Rusiya diktatoruna yerini göstərmək, həddini bildirmək istəyinin nəticəsi idi. Çin dövləti bütün dünyaya çox aydın bir mesaj verdi ki, hətta nüvə gücü Rusiyanın lideri belə Çin və ABŞ dövlət başçıları ilə eyni yemək masası arxasında oturmaq haqqına malik deyil. 

Rusiyanın Ukraynaya qarşı cinayətkar müharibəsinin başladığı 24 fevral 2022-ci ildən bəri Pekinin mövqeyinin nədən ibarət olduğunu bilmək üçün Çin rəsmilərin açıqlamalarını, politoloqlarının yazılarını izləməyə çalışıram. Bu müddətdə müşahidələrim nəticəsində çox ibratimiz bir nəticəyə gəlmişəm. Çinlilər ABŞ istisna olmaqla heç bir dövləti özləri ilə eyni səviyyədə güc görmədiklərini aşağılayacı şəkildə ifadə etməkdən çəkinmirlər. Bir il öncə Çinin Böyük Britaniyadakı səfirinin iştirak etdiyi müzakirələrin birində çox ilginc bir səhnə yaşanmışdı. Müzakirədə iştirak edənlərdən biri Britaniya-Çin rəqabətindən danışarkən çinli diplomat onun sözünü kəsərək Britaniyanın Ümumdaxili Məhsulunun, dünya texnologiya bazarındakı payının nə qədər olduğunu soruşmuş və cavabı gözləmədən Britaniya bizim rəqibimiz deyil, bizim yeganə rəqibimiz ABŞ-dır, deməklə müzakirəyə son qoymuşdu. Çin mediasını və sosial şəbəkələrini izləyənlər çinlilərin ABŞ istisna olmaqla heç bir dövləti onlarla masa arxasında dünya məsələlərini müzakirə edəcək eyni səviyyəli güc kimi görmədiklərini müşahidə edə bilər. 

Bütün bunları nəzərə almayanlar Putin kimi aşağılayacı münasibətlə üzləşməyə məhkumdurlar. Milliyətçi Hərəkat Partiyasının lideri Devlet Bahçeli Türkiyənin 250 milyonluq türk dünyasını və 2 milyardlıq İslam dünyasını təmsil etdiyini iddia edərək  yeni dünya nizamının Türkiyəsiz dizayn edilə bilməyəcəyini bəyan edib. Qənaətimcə, Bahçeli siyasi hallüsinasiya keçirir və bu fikirlər də hallüsinasiyanın nəticəsidir. Bahçeli bilmir və ya unudub ki, bir neçə il öncə Pakistan məhz Çinin xəbərdarlığından sonra Türkiyədən dron almaq istəyindən vaz keçmişdi. Yalnız Pekinin razılığından sonra Pakistan Türkiyədən dron almağa başladı. Çinin məntiqi çox sadədir: “Məndən aldığın borcla mənim razı olmadığım malı ala, istəmədiyim addımı ata bilməzsən.” 

Bahçeli siyasi hallüsinasiya keçirdiyi üçün mütai edə etmir. Azacıq mütailə etsəydi, Çinin dünya düzəninə baxışının nədən ibarət olduğunu bilərdi. Türkiyənin qocaman jurnalistlərindən Sabahattin Önkibarın iddiasına görə Bahçeli bir dənə də məqalə oxumur və vaxtını televiziya kanallarında yayımlanan maqazin proqramlarını izləməklə keçirir. Sabahattin bəyin bu iddiası Bahçelinin özü və lideri olduğu MHP tərəfindən bu günə kimi təkzib edilməyib. Halbuki, Sabahettin bəy bu iddiasını dəfələrlə səsləndirib. Görünür bu iddia həqiqətə çox yaxındır. Çünki, yeni dünya nizamının Türkiyəsiz dizayn edilə bilməyəcəyini bəyanı bu şəxsin Çinin yeni dünya nizamı ilə bağlı baxışının mahiyyətindən xəbərsiz olduğunu göstərir. Çinin yeni dünya nizamı ilə bağlı görüşü çox geniş mövzu olduğu üçün ondan başqa bir yazıda bəhs edəcəm. 

Hələlik isə onu qeyd edim ki, başda Pakistan, İndoneziya, Türkiyə, İran, Banqladeş və Misir kimi böyük müsəlman ölkələri olmaqla İslam coğrafiyasının əksəriyyəti Çinə borcludurlar. Ən acınacaqlısı isə odur ki, həmin dövlətlər borclarını, bəziləri isə hətta borc faizlərini ödəmək imkanında da deyillər. Nüvə silahına malik yeganə müsəlman ölkəsi Pakistan Çinə olan borcunun faizlərini belə ödəmək qabliyyətində deyil. Çin istədiyi zaman Pakistanda sosial böhran yarada, ölkəni sonu görünməz xaosa sürükləyə və parça-parça olmasına yol aça bilər. Əhalisinin sayına görə ən böyük müsəlman ölkəsi İndoneziyanın, əhalisinin sayına görə ən böyük ərəb ölkəsi Misirin vəziyyəti Pakistanın vəziyyətindən çox da yaxşı deyil. Qazaxıstan və Qırğızıstanın da Çindən asılılığı Pekinin istəyinin geri çevrilməsinə imkan verməyəcək qədərdir. Türkiyə bu dövlətlərə dəstək olmaq bir yana, özü belə Çinin hansısa bir istəyinə qarşı getmək qüdrətində deyil. Çinin elektromobil nəhəngi BYD və digər çinli avtomobil şirkətlərinin Türkiyə ilə üçüncü dünya ölkəsi kimi davranması çox üzücü mənzərə idi. Bütün bu acı gerçəkliklər mövcud ola-ola Türkiyənin 250 milyonluq türk dünyasının və 2 milyardlıq İslam dünyasının təmsilçisi olduğunu bəyan etmək siyasi hallüsinasiyadan başqa bir şey deyil. 

Bu ilin əvvələrində Qərbə qarşı Türkiyə, Çin və Rusiyanın iştirakı ilə TÇR ittifaqının yaradılması ilə bağlı təklifinin heç bir siyasi nəticə verməməsindən, Moskva və Pekin tərəfindən faktiki olaraq bu ideyanın rədd edilməsindən sonra Bahçeli siyasi hallüsinasiyadan ayılmalı idi. MHP sədr müavini İlyas Topsakalın Moskva səfəri faktiki olaraq fiakso ilə nəticələndikdən sonra  da Bahçelinin siyasi hallüsinasiyadan ayılmamasının Türkiyəni daha çox gülüş hədəfinə çevirməkdə davam etməsini izləmək çox üzücüdür. 

Bahçelisayağı siyasi hallüsinasiya Azərbaycan ictimai rəyinə mənfi təsir etməsəydi, bunları yazmaq məcburiyyətində qalmazdım. Təəssüf ki, rasional düşünməyə dəvətimi süngü ilə qarşılayan duyğusal toplum Bahçeli kimilərinin siyasi hallüsinasiyalarından cuşa gəlir. Bu isə Azərbaycan ictimai rəyini zədələyərək toplumu hər cürə təhlükəli fikirlərə yolxucu hala gətirir.

Xaqani Cəfərli, politoloq