Bakının "arka sokakları": Nə nişan, nə radar, nə kamera, nə də polis var - FOTOLAR
Bakının yollarının günü-gündən yaxşılaşdırılması üçün mütəmadi işlər aparılır. Paytaxtın prospektləri və mərkəzi yollar təmir edilir, yol-hərəkət qaydalarını nizamlamaq üçün xüsusi yol nişanları çəkilir. Təbii ki, bütün bunlar sürücülərin və piyadaların rahatlığı və təhlükəsizliyi üçün həyata keçirilir.

Təəssüflər olsun ki, gözəçarpan təmir-bərpa, nişanlama işləri ancaq mərkəzi yollarda reallaşdırılır. Digər yollarda isə vəziyyət acınacaqlı vəziyyətdədir. Belə ki, "Koroğlu" metrosundan Bakıxanov qəsəbəsinə gedən Bəşir Bünyadov, Elşən Mehdiyev küçələrində, həmçinin Bakıxanov qəsəbəsinin bir çox küçələrində yollarda nişanlama xətləri yoxdur. Bəzi yerlərdə isə bu xətlər o qədər itib ki, gündüz vaxtı belə, seçmək mümkün olmur.

Gecə saatlarında vəziyyət daha acınacaqlı olur. Yollarda ayırma xətləri görünmədiyindən avtomobil istənilən an qarşıdan gələn avtomobilin yoluna keçə bilir. Bu da, təbii ki, qəza şəraiti yaradır.
Nəzərə alaq ki, həmin ərazidə radar yoxdur, üstəlik təhlükəsizlik kameraları çox azdır. Sürücülər də bundan istifadə edib sürət həddini aşırlar. Sürət həddini keçən sürücülər isə vəziyyəti daha da təhlükəli hala gətirirlər. Hətta körpüdə qarşı yola çıxıb, yol istəyən sürücüləri də tez-tez görmək olar. Sputnik Azərbaycan-ın əməkdaşı sözügedən ərazilərdəki təhlükəli vəziyyətlə bağlı aidiyyəti qurumların mövqeyini, ümumiyyətlə, vəziyyətdən agah olub-olmadıqlarını, əgər xəbərdardırlarsa, nə zaman tədbir görüləcəyini öyrənməyə çalışıb.
"Həmin ərazidə yerləşən yollarda nəqliyyatın hərəkətini yaxşılaşdırmaq üçün bir neçə layihəmiz var. Tezliklə həmin işlərə start verəcəyik. Hətta bəzi küçələrdə işlərə başlamışıq. Müvafiq nişanlamada da işlər görəcəyik" - M.Ağayev vurğuladı.
"Bəzi küçələrdə asfalt örtüyü dəyişməlidir. Ona görə bir neçə ərazidə işlər dayandırılıb. Biz Bəşir Bünyadov küçəsini nəzarətə götürəcəyik və tez bir zamanda orada lazımı işlər aparacağıq" – deyə BNA sözçüsü əlavə etdi.