SOCAR bolluq elan edib: “Azəriqaz” isə əhalinin qazını kəsir"
“Hazırda və növbəti illərdə Azərbaycanda təbii qaz qıtlığından söhbət gedə bilməz. Əksinə, təbii qaz bolluğu olduğuna görə idxaldan imtina edilib”.
Bunu SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib. Onun sözlərinə görə, SOCAR öz imkanları ilə hasil etdiyi qazın demək olar ki, hamısını ölkədaxili tələbata yönləndirir:

“SOCAR üçün daxili bazar, ölkənin tələbatı mütləq prioritetdir. 2018-ci ildə SOCAR 11,2 mlrd. kubmetr həcmində təbii qazı Azərbaycanın daxili tələbatının təminatı məqsədi ilə istifadə edib. Daxili tələbat tam ödənilib.Azərbaycandan ixrac olunan qaz beynəlxalq konsorsium (“Şahdəniz”-REP.) tərəfindən ixrac edilir.SOCAR daxili tələbat tam ödənildikdən sonra izafi qalan, cüzi həcmdə qazı ixraca yönləndirir ki, bu da, üçüncü tərəflərdən (konsorsium, idxal) yay aylarında alınan qaz həcmləridir.Belə ki, qaz anbarlarının potensialından istifadə edərək yay aylarında qazı alıb saxlayıb, qış aylarında - qazın qiyməti qalxanda alınan qazı xaricə ixrac etmişik.Bununla da ölkəyə əlavə gəlir gətirilib. Ötən il 1,42 mlrd. kubmetr qaz ixrac edilib”.
SOCAR-ın təbii qaz qıtlığının mövcud olmadığını bəyan etməsinə baxmayaraq, ölkəmizdə, o cümlədən də paytaxt Bakıda qazın verilişi ilə bağlı şikayətlər səslənməkdədir.Paytaxtda, xüsusilə də şəhərətrafı kəndlərdə qazın təzyiqinin aşağı olduğu deyilir. Məsələn, Nardaran, Sulutəpə qəsəbələrində qazın təzyiqi ilə bağlı problemlərin mövcud olduğu bildirilir, mənzillərin, suyun qızdırılmasında çətinlik yaranır. Qazın verilişinin dayandırılması ilə bağlı şikayətlər isə ötən aylarla müqayisədə azalıb.
“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev isə Cebhe.info-ya açıqlamasında qaz qıtlığının mövcud olduğunu təkzib edir:

“Hazırda qaz qıtlığı yoxdur. Hər hansı bir mənzildə qazın verilişində çatışmazlıq yaranırsa, vətəndaş “Azəriqaz” İstehsalat Birliyinin “104 və 185 Operativ Xidməti” çağrı mərkəzi mərkəzinə müraciət edir, mütəxəssislər tərəfindən həmin ünvana baxış keçirilir, çatışmazlıq aradan qaldırılır və dispeçer məlumat verilir. Amma ölkə üzrə təbii qazın mövcudluğu və verilişi ilə bağlı hər hansı bir problem yoxdur.Qış mövsümü başlanmazdan əvvəl yeraltı anbarlar doldurulub və vətəndaşlarımız tələbata uyğun təbii qazla təmin olunurlar.Ötən iki günlə müqayisədə 1 milyon 152 min kubmetr artım olub.Tələbat artdıqca qazın verilişi də artırılır”.
“Azəriqaz” İB-nin rəsmisinin sözlərinə görə, fərdi şikayətlərin araşdırılması zamanı məlum olur ki, problemlərə səbəb mənzildə olan qaz avadanlığıdır:
“Qazın verilişində fasilələrin yaranması aparılan abadlıq-quruculuq işləri, yeni yolların çəkilməsi, eləcə də yeni tikililərə qaz xəttinin çəkilməsi ilə bağlıdır. Qış aylarında təbii qazın dayandırılması minimum həddə endirilir.Əməkdaşlarımız tərəfindən gündəlik olaraq qaz kəmərlərinə, kəmərlərin üzərində quraşdırılmış avadanlıqlara profilaktik xidmətlər göstərilir ki, hər hansı hadisələr baş verməsin”.
Amma bir məqamı da vurğulamaq istərdik ki, qazın təzyiqinin aşağı olması ilə bağlı şikayətlərdə bu cür halların bəzi günləri əhatə etdiyi bildirilir.Əgər “Azəriqaz” rəsmisinin bildirdiyi kimi, qazın təzyiqi ilə bağlı problemlər qaz avadanlıqları və mənzillərdə olan fərdi qurğularla bağlıdırsa, bu, gündəlik xarakter daşımalıdır. Qaz abonentləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən elan olunan ifrat təhlükəli hava şəraitinin müşahidə olunduğu günlərdə, yəni yanvar ayının 17 və 18-də qazın təzyiqinin artırıldığını, problemlərin aradan qalxdığını bildirirlər.