Sosial şəbəkədə biz:

TAUN Azərbaycana da keçə bilərmi?

TAUN Azərbaycana da keçə bilərmi?
Xəbər Şəkli
10 October 2026, 11:36
Gündəm

Rusiyada taun şübhəsi ilə bağlı xəstəxanaya yerləşdirilən şəxslərin olması yoluxucu xəstəliklərin sərhədlərarası yayılması riskini yenidən gündəmə gətirib. Xəstəliyin müalicəsində gecikmə ağır fəsadlara səbəb ola bildiyi üçün vaxtında aşkarlanma və profilaktik tədbirlər mühüm əhəmiyyət daşıyır. 

Taun xəstəliyi Rusiyadan Azərbaycana keçə bilərmi və xəstəliyin ölkələr arasında yayılma riski nə qədərdir? Xəstəlik hansı yollarla yayılır və insandan insana keçməsinin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

Mövzunu “AzPolitika”ya şərh edən tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, vəba təhlükəli infeksiyalar qrupuna aiddir. Bundan başqa, təbii çiçək və sarı qızdırma da bu qrupa daxildir. Sadəcə olaraq, “çuma” sözü rus dilindən çox vaxt “vəba” kimi tərcümə edilir. Bu, səhv tərcümədir. “Çuma” taun deməkdir.

Onun sözlərinə görə, taun başqa bir infeksiyadır. Bu, yersinia pestis bakteriyasının insan orqanizmində törətdiyi ağır xəstəlikdir: “Taun təbiətdə, təbii rezervuarlarda mövcud olan heyvan mənşəli infeksiyadır. Daha çox gəmiricilərdə, həmçinin dəvələrdə, dovşanlarda və digər heyvanlarda rast gəlinə bilər. Xəstəlik heyvanlardan insanlara müxtəlif yollarla keçir. Yoluxmuş heyvanların ifraz etdiyi aerozolun tənəffüs yollarına düşməsi və ya həmin heyvanlarda olan birələrin insanı dişləməsi nəticəsində yoluxma baş verə bilər. Yoluxmuş birə 8-10 insanı yoluxdura bilər”.

Professor xatırladıb ki, antibiotik erasına qədər taun milyonlarla insanın ölümünə səbəb olub və bəşəriyyətin tarixində dərin iz buraxmış təhlükəli pandemiyalardan biri sayılır. Tarix boyu taunla bağlı çoxsaylı pandemiyalar baş verib: “Onlardan üç böyük qlobal pandemiya xüsusi iz qoyub. Birinci pandemiya Yustinian taunu olub. Daha sonra yayılaraq təxminən 100 milyon insanın həyatına son qoyub. Taunun üç əsas forması var. Birinci forma bubon taunudur. “Bubon” sözü yunanca qasıq mənasını verir. Bu forma limfa düyünlərinin böyüməsi, şişməsi, irinləməsi və bəzi hallarda partlaması ilə müşayiət olunur. Limfa düyünlərinin hansı nahiyədə böyüməsi infeksiyanın orqanizmə daxil olduğu yerdən asılıdır. Bubon forma qədim dövrlərdə geniş yayılıb.

İkinci forma ağciyər taunudur. Bu forma hava-damcı yolu ilə yayıla bilər. Mikroorqanizmlər havaya düşdükdə insanın tənəffüs yollarına daxil olur və ağciyər forması yaranır. Bu, taun xəstəliyinin ən təhlükəli formalarından biridir. Yaxınlarda İrkutskda Taun Əleyhinə İnstitutun əməkdaşlarından biri məhz ağciyər taunundan dünyasını dəyişib. Üçüncü forma isə septik taunudur”.

A.Qeybulla əlavə edib ki, taun bioloji silah kimi də istifadə oluna bilər. Ayrı-ayrı ölkələrdə taun törədicisinin müəyyən kapsullarda saxlanılması və bioloji silah məqsədilə istifadə olunması ilə bağlı məlumatlar mövcuddur: “Yoluxmuş materialın xüsusi kapsullarda yayılması böyükmiqyaslı yoluxmaya və ciddi tələfata səbəb ola bilər. Ümumiyyətlə, hazırda baş verən hadisənin təxribat, yoxsa təsadüfi yoluxma olduğu tam aydın deyil. Bununla bağlı araşdırmaların nəticəsi gözlənilməlidir. Hər il taunla bağlı ölüm halları qeydə alınır. Bunun əsas səbəbi xəstəliyin təbii rezervuarlarının mövcudluğudur. Bu rezervuarlarda mütəmadi olaraq yoluxmalar baş verir. Məsələn, yaxın vaxtlarda Madaqaskarda da taunla bağlı yoluxma qeydə alınıb. Belə halların böyük əksəriyyəti vaxtında lokallaşdırılır. Çünki antibiotiklər mövcuddur və müasir tibbin bu xəstəliklə mübarizə aparmaq üçün imkanları var. Lakin xəstəlik pandemiya şəklində geniş yayılsa, təbii ki, itkilər çox ola bilər.

Sonda həkim taunun Azərbaycanda da mövcud olmasının mümkün olduğunu vurğulayıb: “Azərbaycan özü də taunun təbii rezervuarlarının mövcud olduğu ərazilər sırasına daxildir. Bu baxımdan xəstəliyin Azərbaycanda qeydə alınması real və mümkün haldır”.