Şuşadakı bu binada erməni gənclərə modelyerlik öyrədiləcək- FOTOLAR
Bizim bəzi oliqarx-məmurlar isə gənc məmurlara xalqın başına corab hörməyi öyrətməklə məşğuldur...
2019-2020-ci tədris ilindən başlayaraq Azərbaycanın işğal altındakı torpaqlarında yaşayan erməni gənclər Şuşadakı texniki-peşə məktəbində modelyerlik peşəsinə yiyələnməyə başlayacaq.
Moderator.az xəbər verir ki, bu haqda məktəbin direktoru Vazpurak Karapetyan Xankəndindəki separatçı nəşrlərə açıqlamasında bildirib. Direktorun sözlərinə görə, tələbələrin dərzi və modelyer sənədlərinə mükəmməl şəkildə yiyələnməsi üçün peşə məktəbi müasir tikiş dəzgahları və digər avadanlıqlarla təmin olunacaq.

Qeyd edilir ki, müxtəlif peşələrin tədris edildiyi texniki-peşə məktəbində 165 tələbə təhsil alır.
2013-cü ildən tikilməyə başlanmış və 2016-cı ildən tam fəaliyyət göstərən Şuşadakı texniki-peşə məktəbi Eznik Mozyanın adını daşıyır. Məlum olur ki, Eznik Mozyan Fransada yaşamış və hazırda ölmüş olan erməni bir dərzi olub. Şuşada belə bir peşə məktəbinin tikilməsi ideyasını məhz həmin dərzi verib. O, ölümündən öncə öz ayırdığı pullar hesabına bu məktəbin binasının tikilməsini vəsiyyət edib. 2009-cu ildə Fransa Erməni fondu öz komissiyası vasitəsi ilə tikinti layihəsini öyrənib və 2013-cü ildə peşə məktəbinin tikilməsinə qərar verib. Şuşa Peşə məktəbinin təsisçiləri Fransanın Erməni Fondu, “DQR”“hökuməti” və Mozyan nəslinin nümayəndələridir. Adları çəkilən qurum və şəxslərdən başqa, Fransadakı ayrı-ayrı erməni milyarderlər və digər xarici şirkətlər də məktəbə sponsorluq edir. Məktəb istifadəyə verilməmişdən öncə gələcək administrasiya və müəllim-ustalar Fransanın Sent-Etyen şəhərindəki anoloji peşə məktəbində lazımı hazırlıq kursu keşiblər.

Şuşa texniki -peşə məktəbinə 14-15 yaşlı oğlanlar daxil olur və burada çilingər, qaynaqçı, dəmirçi, bənna, kafelçi, istilik texniki, santexnik elektrik və s. peşələrə yiyələnmək üçün təhsil alırlar. Rəhbərliyin sözlərinə görə, tədris rejimi çox ciddidir və məktəbə hər kəs qəbul ola bilmir. Şagirdlər müəyyən imtahan və müsabiqələrdən keçməlidir. Şuşa peşə məktəbində təhsil 3 illikdir. Şagirdlər ixtisaslarından əlavə, orta məktəblərdə tədris edilən bütün fənləri də keçirlər.Yüksək nəticə göstərən tələbələr imtahansız Şuşa Texnoloji Universitetinə daxil edilirlər. Məktəbdə şagirdər üçün trenajor zalı, stolüstü tennis, stolüstü futbol və s. əyləncələr də təşkil edilir. Müasir tələbatlara uyğun yataqxana da tikilib. Şagirdlər gündə 3 dəfə yeməkxanada pulsuz yeməklə təmin olunurlar. Tibb məntəqəsi fəaliyyət göstərir. Xüsusi avtobus pulsuz olaraq Xankəndindən gələn şagirdləri evlərinə aparır. Və hər bir şagird 4600 dram təqaüd alır...
P.S. Ermənilər torpaqlarımızda gənclərini böyüdür, onlara müxtəlif peşələr , o cümlədən paltar tikmək öyrədir. Bizim bəzi oliqarx-məmurlar isə tabeliklərində olan gənc məmurlara xalqın başına corab hörməyi öyrətməklə məşğuldur...