Sumqayıtda kimlər narazılıq yaradır... - VİDEO
Sumqayıtda Qarabağ əlillərinə qarşı baş verən
qanunsuzluqdan, ədalətsizlikdən, rəsmi müraciət olunmasına baxmayaraq,
Respublika Prokurorluğunun bu işə biganə qalmasından söz açılan məktubu
oxucuların diqqətinə təqdim edirik:Cənab Prezident!
Görülən
bütün işlərin fonunda bəzi məmurların Sizin tapşırıqlarınızı yerinə
yetirilməsində yol verdiyi nöqsanlar təəssüf doğurur. Sumqayıt şəhəri
İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və onun təyin etdiyi Sumqayıt
şəhər İcra Hakimiyyəti nəzdində Sumqayıt nəqliyyat MMC-nin sədri
Rüstəmov Xannı aşkar korrupsiya və rüşvətxorluq əməlləri ilə məşğul
olaraq Sumqayıt şəhər əhalisi arasında ciddi narazılığa səbəb olmuşdur.
Şəhərdə nəqliyyat islahatı aparılması adı altında çirkli oyunlar quran
Sumqayıt nəqliyyat MMC heç bir hədd və hüdud tanımır. Sumqayıt nəqliyyat
MMC-nin sədri Xannı Rüstəmov vətənimizin ağır günlərində könüllü olaraq
cəbhə bölgəsinə getmiş və orada Sumqayıt şəhərinin adını ucaldaraq
torpaqlarımız uğrunda canlarını qurban verən müharibə əlillərinə qarşı
xüsusi qəddarlığı ilə fərqlənməkdədir. O, 1998-ci ildən etibarən 11(on
bir) nəfər Qarabağ əlilləri və şəhid ailələri tərəfindən təsis edilmiş
və Sumqayıt şəhər əhalisinə nümunəvi xidməti ilə seçilən 2(iki) saylı
marşrutun müharibə əlillərinin əlindən zorla alınmasında tutduğu
vəzifəsindən sui istifadə etməkdədir. Aşkarca rüşvət tələb edən və
əlillər tərəfindən ödənilən 4000 (dörd min) manatlıq aylığa qane olmayan
bu harınlamış rüşvətxorun əməlləri nəticəsində müflisləşərək aciz
duruma düşmüş Qarabağ əlillərini həyatlarından bezdirməyə nail olmuşdur.
Bizə
müraciət edən Sumqayıtlı Qarabağ əlilləri hüquqi cəhətdən heç bir
mübarizə yolu qalmadığını hesab edərək (onlar faktlarla bağlı Baş
prokurorluğa müraciət etmiş və heç bir nəticə ala bilməmişlər) yaxın
gələcəkdə problemlərini şəxsən Sizin diqqətinizə çatdırmaq məqsədilə
aclıq aksiyasına başlayacaqlarını bildirmişlər.
Biz
İctimai Birlik rəhbərləri olaraq bu hadisənin baş verməməsi üçün
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla görüşərək
problemin həllinə çalışmaq niyyətindəyik. Lakin hesab edirik ki, Ali Baş
Komandamız olaraq şəxsən Sizin dəstəyinizə ehtiyacımız vardır.
Möhtərəm Prezident!
Sizin
rəhbərliyiniz ilə son illər Azərbaycanda xüsusilə qeyri neft sektorunda
sahibkarlıq fəaliyyətinin inkişafı ilə bağlı aparılan islahatlar
nəticəsində ölkəmizin iqtisadiyyatı analoqu olmayan inkişaf yolu
keçmişdir. Bu inkişafdan bəhrələnən Sumqayıtlı Qarabağ əlilləri 2012-ci
ildə öz fəaliyyətlərini daha da səmərəli etmək və sərnişin daşımada
yüksək tələblərə cavab verən avtobusların alınması üçün bankdan külli
miqdarda kredit götürərək yeni avtobuslar almışlar. Ən pisi də odur ki,
onlar kreditlərini ödəyib qurtarmamış onların sahibkarlıq fəaliyyətinə
ağır zərbə vurulmuşdur.
Cənab Prezident!
Siz
özbaşınalıq edən məmurlara qarşı çox sərtsiniz. Hesab edirik bu yerdə
də sərt ölçü götürməyinizə zərurət vardır. Odur ki, xahiş edirik
Sumqayıt şəhərində baş verən və Qarabağ əlillərini son dərəcə çıxılmaz
vəziyyətə salan qanun pozuntusunu araşdırmaq və baş vermiş rüşvətxorluq
və korrupsiya hallarını həyata keçirən cinayətkarların cəzalandırılması
üçün Respublika Baş Prokurorluğuna müvafiq tapşırıqlar verəsiniz.
Əvvəlcədən təşəkkür edirik.”
Təşkilat
rəhbərləri yaxın günlərdə Sumqayıt şəhər icra hakimiyyəti başçısı Zakir
Fərəcoğvla görüşüb məsələni müzakirə etmək üçün ona da müraciət
ünvanlayıblar! \\azerinfo.az\\