Sosial şəbəkədə biz:

Faşizm üzərində qələbənin 74-cü ili: Bakıda tədbirlər keçirilir - FOTOLAR

09 May 2019, 15:22
Gündəm

9 May - faşizm üzərində qələbədən 74 il ötür. Bu gün münasibətilə Bakıda da tədbirlər keçirilir.

Öncə səhər saatlarında prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun abidəsi önünə əklil qoyub, İkinci Dünya müharibəsinin iştirakçıları ilə görüşüblər. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezident İlham Əliyevin qarşısından keçib. Daha sonra isə İkinci Dünya savaşında qəhramanlıqlar göstərən veteranlar bir-birilərini təbrik edib, Həzi Aslanovun abidəsi önündə şəkil çəkdiriblər.

Musavat.com-un əməkdaşı olaraq ərazidə olduğumuz zaman müşahidə etdik ki, abidənin qarşısına toplanıb, ziyarət edən sadə vətəndaşların sayı bir o qədər də çox deyil. Ara-sıra əcnəbi vətəndaşlar gəlib, Həzi Aslanovun abidəsi önünə gül dəstələri qoyurdular. Onlarla söhbətimiz zamanı öyrəndik ki, yaxınları İkinci Dünya savaşında itkin düşüblər. Onların məzarları olmadığı üçün hər il 9 May tarixində Həzi Aslanovun abidəsi qarşısına gəlib, gül dəstələri qoyurlar. Bu yolla həm öz yaxınlarının, həm də Həzi Aslanovun xatirəsini anırlar. Azərbaycanlılar isə daha çox Şəhidlər Xiyabanına üz tutub, türk şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edirdilər.

Söhbət etdiyimiz Süleyman Əhmədov bildirdi ki, müharibədə dayısını və iki əmisini itirib:"Dayımla bağlı məlumat 65 il sonra gəldi. Məktub aldıq və orada dayımın hansı ərazidə döyüşməsi, harada dəfn edilməsi haqqında məlumat var idi. O məlumat əsasında onun nömrələnmiş məzarını tapa bildik. Məzar Bakıdan çox uzaqda olduğu üçün hər il Həzi Aslanovun abidəsini ziyarət edirik. Özüm də Qarabağ veteranıyam. Müharibə və döyüş nədir, yaxçı bilirəm". 
Bu günlə bağlı sosial şəbəkələrdə fərqli statuslar yazılır. Kimisi bu günü həqiqətən qələbənin günü sayır, kimisi də hesab edir ki, günün bizə heç bir aidiyyəti yoxdur. Lakin tarixi gerçəklik də budur ki, müharibənin qazanılmasında Bakı neftinin, azərbaycanlıların qəhrəmanlıqlarının böyük rolu olub.

Şəhərin mərkəzi küçələrində xüsusi tədbirlər hazırlanmasa da bayram ab-havası hiss olunurdu. Belə ki, əksəriyyət qeyri-iş günü olduğu üçün öz uşaqları ilə gəzintiyə çıxmışdılar. Söhbət etdiyimiz Bakı sakinləri bildirdilər ki, 9 May Qələbə gününü bayram hesab edirlər: “Çünki faşizm üzərində qələbənin qazanılmasında xeyli sayda azərbaycanlının qanı axıb, Bakı neftinin böyük önəmi olub. Bakı olmasaydı, qələbə də olmazdı”,-deyə söhbət etdiyimiz sakinlər bildirdilər.

Məlumat üçün qeyd edək ki, İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı həm cəbhə bölgələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstərib. Qısa müddətdə respublikada 87 qırıcı təyyarə batalyonu və 1124 özünümüdafiə dəstəsi təşkil olunub. 1941-1945-ci illərdə 600 mindən çox azərbaycanlı cəbhəyə yollanıb.

Azərbaycan diviziyaları Qafqazdan Berlinədək mübariz yol keçib. 130-a yaxın həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfəri "Şərəf" ordeni ilə təltif olunub. 170 min Azərbaycan əsgər və zabiti SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz qəhrəmanlığı ilə xalqımızın şərəfli tarixinə yeni sətirlər yazıblar.
Bu gün həmçinin faşizm üzərində qələbənin 74-cü ildönümü münasibətilə saat 17:00-dan 19:00-dək Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları təşkil olunacaq.

Orkestrlər şəhərin müəyyən edilmiş 6 yerində çıxış edəcək:

- Dənizkənarı Milli Parkda (Azadlıq meydanı qarşısında);
- Əhmədli qəsəbəsi Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev parkında;
- Zərifə Əliyeva parkında;
- Zabitlər parkında;
- Yasamal parkında (Lider TV yaxınlığında)
- Fəvvarələr meydanında. Musavat.com