Bakıda iki yerdə bayram yarmarkası təşkil olunacaq
Ramazan bayramı ilə əlaqədar Bakının iki rayonunda yarmarka təşkil olunacaq.
Virtualaz.org bildirir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında “Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin direktoru Leyla Məmmədova deyib.
O bildirib ki, bayram yarmarkaları iyunun 4 və 5 tarixlərində keçiriləcək: “Yarmarkaların təşkil edilməsində əsas məqsəd kiçik və orta fermer təsərrüfatı sahiblərinin yetişdirdiyi, eləcə də yerli istehsal olan ərzaq məhsullarının satışına dəstək olmaqdır. Yarmarka Yasamal rayonunda Ələsgər Ələkbərov küçəsi, 225 saylı orta məktəbin qarşısı-“Space” TV-nin yanı, Nizami rayonunda isə Qara Qarayaev prospekti 36 A, Orbita ticarət mərkəzinin yanında olacaq. Yerli fermerlər, qida istehlakçıları ora dəvət olunacaq.
Fermerlər avadanlıqları ödənişsiz şəkildə əldə edəcəklər”.
“Məhsullar Qida Təhlükəsizliyi Agentliyinin səyyar laboratoriyalarında müayinə olunacaq. Yararsız məhsullar bazardan çıxarılacaq. Qiymətlər tələb-təklif əsasında formalaşır, lakin məhsulların qiyməti topdansatış qiymətlərindən yüksək ola bilməz”, - deyə Leyla Məmmədova qeyd edib.
Yarmarka səhər saat 8:00-dan axşam 20:00-a qədər davam edəcək.