Bakı Apelyasiya Məhkəməsində mübhəm mülk davası - Binəqədi Məhkəməsinin arxivindən sənədlər oğurlanıb?
Binəqədi Məhkəməsinin arxivindən sənədlərin oğurlanması haqda ciddi
iddialar var. Bundan əlavə, 2007-ci ildə məhkəmə qətnaməsi ilə Kamil
İsmayılovun sənədlə mülkü olan evinə belə göz dikiblər: “Rəsulzadə
qəsəbəsi, Cəfər Xəndan küçəsi, 12 A saylı mülk 12 il əvvəl məhkəmə
qətnaməsi əsasında mənim mülkiyyətimə verilib. Hələ 2007-ci ildə anam
Binəqədi Rayon Məhkəməsinin bu haqda qətnaməsini alıb. Həmin qətnamə
üzrə mülk mənə anam Gülbəniz İsmayılovanın iştirakı ilə təhvil verilib.
Həmin vaxt məhkəmə sənədlərində də bu öz əksini tapıb. Lakin bu gün biz
Bakı Apelyasiya Məhkəməsində böyük bir cinayətlə üz-üzə qaldığımızı
görürük. Deməli, 11 il sonra Binəqədi Məhkəməsi qətnamə çıxarıb. Həmin
qətnamə alınandan 1 ay müddətində şikayət vermə müddəti var. Həmin
müddətin bərpa olunması üçün böyük bir cinayət törədilib. Apelyasiya
şikayəti verilməsi üçün arxivə girib anamın şikayət verməsi üçün onun
qətnaməni almasını təsdiq edən sənədləri aradan çıxarıblar. Hansısa
yolla Binəqədi Rayon Məhkəməsinin arxivinə yol tapıblar, qətnamənin
anama təqdim olunmasını təsdiq edən sənədləri - məktub, qəbz, xəbərnamə,
zərfi yoxa çıxarıblar, bunu hüquq-mühafizə orqanları araşdırmalıdır.
İşin içindəki sənədlərin siyahısına əlavə məlumatlar daxil edilib. Həmin
əlavəyə 1 il əvvəl Binəqədi Rayon Məhkəməsində hakim Kamran Əsədovun
katibi vəzifəsinə işə götürülən Tural Bayramov imza atıb. Siyahıya
əlavəni isə arxiv müdiri Ruslan Adıgözəlov edib. Bunu ona görə ediblər
ki, apelyasiya şikayəti verilməsi üçün əsas yaransın. Böyük bir cinayətə
yol verməklə belə bir şikayət ediblər. Mən ədliyyə naziri Fikrət
Məmmədovdan, baş prokuror Zakir Qaralovdan xahiş edirəm ki, Binəqədi
Rayon Məhkəməsinin arxivində baş verən böyük qanunsuzluqlarla bağlı ölçü
götürsünlər. Bu adamlar belə qanunsuzluqlar etməklə, Azərbaycan
məhkəməsinin adına xələl gətirirlər, bütövlükdə məhkəmələrdə çıxarılmış
qətnamələri şübhə altına alırlar”.
Kamil
İsmayılov deyir ki, G.İsmayılova tərəfindən verilmiş apelyasiya
şikayəti 11 il sonra - 27 iyun 2018-ci ildə Binəqədi Rayon Məhkəməsinə
daxil olub, baxılması üçün mülki işlərlə birlikdə Bakı Apelyasiya
Məhkəməsinə göndərilib: “Mən ötən il keçirilən prosesdə hakimlərin
diqqətinə çatdırdım ki, məhkəmə qətnaməsi çıxarıldıqdan 11 il sonra
cavabdeh G.İsmayılova tərəfindən apelyasiya şikayətinin verilməsi
qanunsuzdur. Çünki 11 il əvvəl qətnamə çıxarılarkən anam və atam Ənvər
İsmayılov qətnamə ilə razılaşıblar. Qətnamə qəbzinə imza edilməklə
valideynlərim tərəfindən qəbul edilib. Lakin bu barədə xəbərnamə, qəbz
iş materiallarından çıxarılaraq mülki iş yenidən siyahıya alınıb və
siyahıda həmin qətnamə göstərilməyib. Mənim bu izahatımdan sonra məhkəmə
şikayəti geri qaytardı. Çünki Mülki Prosessual Məcəllənin 360-cı
maddəsinə əsasən, apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada
verildiyi gündən bir ay müddətinə verilə bilər. Eyni zamanda məhkəmə bu
qənaətə gəlib ki, G.İsmayılova məhkəmə qətnaməsini 6 iyun 2018-ci il
tarixində təkrarən alıb. Bu hal da apelyasiya şikayətinin verilməsi üçün
buraxılmış prosessual müddətin bərpa edilməsi üçün əsas ola bilməz. İş
materiallarında qətnamənin alınmasına dair poçt xəbərnamələrinin
sıralandığı səhifələrə nəzər yetirdikdə müəyyən olunur ki, orada 118
nömrəli səhifə çıxarılıb. Şikayət geri qaytarılandan sonra Binəqədi
Rayon Məhkəməsində sənədlərin itirilməsi ilə bağlı şikayətimi davam
etdirmədim. Düşündüm ki, qanunsuzluq dövlət qurumları tərəfindən nəzərə
alınar və cinayəti etmiş şəxslər cəzaya çatdırılar. Amma belə aydın olur
ki, səhvə yol verib qanunsuzluğun araşdırılmasını, həmin qanunsuzluğun
icraçıları ilə yanaşı sifarişçilərinin də cəzaya çatdırılmasını tələb
etməli idim. İndi səhvimi düzəltmək qərarını vermişəm. Məhkəmə qərar
çıxardıqdan sonra G.İsmayılova Binəqədi Rayon Məhkəməsinin qərarından
apelyasiya şikayəti verib. Halbuki əvvəlki qərarda hər şey çox aydın
şəkildə yazılıb”.
Kamil
İsmayılov bir daha hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət
etməklə ona qarşı törədilən qanunsuzluqların araşdırılmasını istəyib.
“Yeni Müsavat”