STP-də KORRUPSİYA HƏBSLƏRİ OLA BİLƏR...
Cənab Prezident İlham Əliyev tərəfindən əsası qoyulmuş, ölkənin ən
iri sənaye kompleksi olan Sumqayıt Texnologiyalar Parkı ilə bağlı daima
mediada heç də ürək açmayan informasiyalar dolaşmaqdadır. Bu günlərdə
redaksiyamıza daha bir necə informasiya daxil olub. Mənbəmizin verdiyi
məlumatın əsasını isə hazırda ölkənin qeyri-neft sektorunun lokomotivi
rolunu üstlənməli olan müəssisənin yarıtmaz idarəçiliyi, külli miqdarda
vəsaitin mənimsənilməsi, əməkdaşların müxtəlif bəhanələrlə işdən
qovulması və yeni ixtisar dalğalarının başlanması təşkil edir.
Mənbəmizin
verdiyi məlumata görə bütün bu hadisələrin episenterində dayanan şəxs
STP-nin müşahidə şurasının üzvü Fuad Nəcəfli adlı şəxsdir. Məhz onun
şirkətə gəlişindən sonra müəssisədə aləm dəyib bir-birinə. Təyinatından
sonra bütün sistemə əl gəzdirmək qərarı verən Fuad Nəcəfli öz yaxın
ətrafını, istehsal səhasində bir gün belə təcrübəyə sahib olmayan
tanışlarını müxtəlif yüksək postlara təyin edib. Mənbəmiz xüsusən
şirkətin bel sümüyü hesab olunan satınalmalar departamenti ilə birgə
qurduğu maxinasiyalar haqqında sensasiyalı məlumatlar verib.
İki
ay öncə STP-nin inzibati departamentinə direktor təyin olunan Seymur
Hacıyevin istehsalat təcrübəsi olmaması və səriştəsiz fəaliyyəti şirkətə
böyük problemlər yaradıb. Hazırda demək olar ki, bütün istehsal
sahələrində işlər dayanıb və müəssisənin fəaliyyəti iflic vəziyyətə
düşüb. Səbəb isə çox sadədir. Sifarişləri qarşılamaq üçün xammal yoxdur.
Seymur
Hacıyev Fuad Nəcəflinin göstərişləri və dəstəyi sahəsində uzun illərdi
bu sahədə böyük təcrübəsi olan, istehsalata yaxşı bələd olan bütün
əməkdaşlırın əmək müqaviləsinə xitam verdirib. Satınalmalar şöbəsində
müdirdən sıravi sənədləşdirmə işləri aparan əməkdaşların əvəzinə,
gəldiyi turizim sektorundan, xüsusilə də otellərdə təsərrüfat işləri ilə
məşğul olan yaxınlarını menecer, şöbə müdiri vəzifələrinə təyin edib.
İndiyə qədər otelin gigiyena vasitələrini, tualet kağızlarının, hamam
ləvazimatlarının təminatı ilə məşğul olan şəxslər hazırda STP kimi
nəhəng istehsal sahəsinin satınalma işlərinə cavabdehlik daşıyırlar.
Polietilen, mis, eboksit və sairə kimi xammalların nəyin ki,
spesfikasiyasını, adlarını ilk dəfə burada eşidiblər.
Seymur
Hacıyev bu prosesi həyata keçirdərkən Fuad Nəcəflinin göstərişi ilə
şirkətin audit və təhlükəsizlik departamentlərinin diroktorları yaxından
köməklik göstəriblər. Onlar keçmiş əməkdaşları şantaj etmiş, müxtəlif
qarayaxma kampaniyaları ilə qorxudublar. Bunun əvəzində vaxtilə
şirkətdən buraxdığı səhvlərə və neqativ nöqsanlara görə qovulmuş Könül
Feyzullayeva adlı şəxsi xarici bazarlardan xammal alışı şöbəsinin müdiri
vəzifəsinə təyin edibdir.
Mənbəmizin
verdiyi məlumata görə, Könül Feyzullayeva yeni vəzifəsinə başlayan kimi
yerli və xarici bazarlarda yaxşı tanınan bazar lideri olan şirkətləri
xammal satışında təcrübəsi olmayan fiziki şəxslər, tanışları olan və
yaxşı "otkat” verən firmalarla əvəzləyib. Hətta qiymətlərin əvvəlki
illərlə müqayisədə süni şəkildə bahalaşdırılmasına baxmayaraq şirkət
rəhbərliyi buna göz yummaqdadır.
Bütün
bu proseslərin nəticəsindən müəssisədə hazırda xammal materialların
idxalında ləngimələr baş tutmuş və nəticədə də istehsal prosesi
dayanaraq, zavodların fəaliyyətləri nizamdan çıxmışdır. Hazırda şirkətin
Kabel, Polimer, Sendviç Panel, Metaləritmə zavodları faktiki olaraq
işlərini dayandırıb. Aylar öncədən müştərilərdən alınmış vəsaitlərin
əvəzində məhsulları təqdim edə bilmir, yeni sifarişlər götürmürlər.
Nəticədə də, bir sıra dövlət əhəmiyyətli layihələrin icrasında belə
ləngimələr baş verməkdədir.
Mənbəmiz
qeyd edir ki, Fuad Nəcəflinin, Seymur Hacıyevin və Könül
Feyzullayevanın ən maraqlı satın alma faciəsi isə kabel istehsalı üçün
nəzərdə tutulan mis alışı ilə bağlıdır. Belə ki, Seymur bəy və Könül
xanım yaxın tanışları Fərail adlı şəxsə məxsus, Dubayda qeydiyyatdan
keçmiş offşor "Guliyev Trading” adlı treyder şirkətinə iri həcmli (1300
t) mis sifariş veriblər. Hansı ki, bu şirkət mis istehsalçısı deyil və
bu günə qədər də bazarda 1 kq olsun da mis tədarükçüsü kimi tanınmayıb.
Sifariş əsasında bu şirkət xarici bazarlardan baha qiymətə
qeyri-standart mis məhsulları alınaraq vergidən yayınmaq üçün Dubayda
təsis edilən firma vasitəsilə ölkənin ən böyük kabel istehsalçısı olan
STP-yə xammal tədarükü etməyə çalışır. Sifariş təhvil verilməmişdən
qabaq STP qarşı tərəfin hesabına 7 milyon ABŞ dollarına yaxın vəsait
köçürdüb. Lakin bu əməliyyatın qarşılığında sifarişçiyə 1 kq da olsa mis
təhvil verilməyib. Bu azmış kimi, Seymur bəy və Könül xanım bu şirkətə
daha 150 ton mis sifariş ediblər və bu dəfə də 100 faizlik ödənişi
əvvəlcədən ediblər. Qarşı tərəf isə bu günə qədər STP-yə heç bir xammal
tədürükü etməyib.
Mənbəmizin
məlumatına görə, hazırda müxtəlif bəhanələrlə sifarişin təhvil
verilməsi müddədi uzadılır. STP-dən bütün sifarişlərə 100 faiz ön ödəmə
alan "Guliyev Trading” şirkəti hazırda mis axtarışındadır. Hətta ölkə
daxilində olan professional tədarükçülərdən də mis toplamağa çalışıb.
Ancaq misə tələbin böyük olduğu dövrdə isə daxili bazardan bu xammalı
əldə etmək mümkün olmayıb. Ödənişi ABŞ dolları ilə Dubaydakı hesabına
köçürülmüş xarici şirkətin Azərbaycanda mis axtarması isə qəribədir və
hansısa ciddi şübhələrin yaranmasına səbəbdir. Vəziyyət o həddə çatıb
ki, hətta şirkət daxilində "mis məsələsi” alqı-satqısı əməliyyatı
lətifəyə çevrilib.
Lakin
qeyd olunan nöqsanlara baxmayaraq bu şəxslər hazırda baş verənlərə heç
bir əhəmiyyət vermədən öz fəalliyyətlərini davam etdirirlər. Çünki
arxalarında STP-nin müşahidə şurasının üzvü Fuad Nəcəfli kimi
havadarları var.
Növbəti
yazılarımızda müvafiq şirkətlərə edilmiş ödənişlər, onların əvvəlki
illərlə nisbəti, yeni əməkdaşların əmək haqqları ilə bağlı yazmalarımızı
oxucularımıza təqdim edəcəyik.
Yazılanlarla əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. //qlobal.az//
Redaksiyadan: Hər halda bu faktlar diqqətə alınarsa, istənilən an sözügedən qurumda korrupsiya araşdırmasına başlanıla biləcəyini deyə bilərik. Xatırladaq ki, bu günlərdə Ağstafa RİH rəhbərinin və Yevlaxın keçmiş başçısının həbs olunması faktı "yuxarların" qeyd olunan istiqamətdə daha sərt mövqe nümayişinə meyilli olmasından xəbər verməkdədir.