Vəfa Quluzadə dünyasını dəyişib
Tanınmış politoloq, sabiq dövlət müşaviri Vəfa Quluzadə dünyasını dəyişib. APA-nın xəbərinə görə, V. Quluzadənin səhhəti qəflətən pisləşib və onu xilas etmək mümkün olmayıb. Qeyd edək ki, V. Quluzadə 21 dekabr 1940-cı ildə Bakıda anadan olub. O, 1958-ci ildə 23 saylı orta məktəbi bitirərək, Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə qəbul olunub, 1963-cü ildə məzun olub. 2 il Azərbaycan radiosunda ərəb dilində verilişlər aparıb. 1962-1964-cü illərdə SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alıb, daha sonra filologiya elmləri namizədi elmi adı alıb. 1970-ci ildə Misirdəki SSRİ səfirliyində attaşe kimi işə başlayıb. 1973-cü ildə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində işə başlayıb. Həmin illərdə Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasını bitirib. Yenidən diplomatik xidmətə qaytarılan V.Quluzadə Əlcəzairdəki SSRİ səfirliyinə məsləhətçi qismində göndərilib. 1990-ci ildə Azərbaycana qayıdıb, Azərbaycan Respublikasının xarici siyasət üzrə dövlət müşaviri işləyib. 1999-cu ildə istefa verənə qədər Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının üzvü olub. O, Dağlıq Qarabağdakı münaqişənin həll olunması üzrə aparılmış danışıqlarda aktiv iştirak edib. Azərbaycan-Ermənistan danışıqları zamanı nümayəndə heyətinə rəhbərlik edib, ATƏT-in sammitlərində, Cenevrə (1984) və İstanbulda keçirilmiş beynəlxalq konfranslarda, NATO-nun iclaslarında iştirak edib.