Sosial şəbəkədə biz:

Prokuror sabiq polis polkovnikini öldürən Elmar Hüseynov üçün 20 il həbs istədi

01 February 2022, 16:33
Gündəm

Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qəsdən adam öldürməkdə ittiham olunan Elmar Hüseynovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. virtualaz.org-un xəbərinə görə, prosesdə dövlət ittihamçısı çıxış edərək Hüseynovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə prosesi fevralın 15-də davam edəcək.

İttihama görə, qətl hadisəsi 24 sentyabr 2020-ci ildə paytaxtın Nərimanov rayonu ərazisində baş verib. 73 yaşlı Tahir Tağıyev yaşadığı mənzildə qətlə yetirilib. Qətli törətməkdə şübhəli bilinən Elmar Hüseynov müəyyən olunaraq saxlanılıb.

Öldürülən Tağıyev uzun müddət daxili işlər orqanlarında çalışıb. O, paytaxtın Nərimanov və Binəqədi rayon polis idarələrində müxtəlif vəzifələrdə işləyib, o cümlədən iki polis bölməsində rəis olub.

Polis polkovniki Tahir Tağıyev bir neçə il öncə yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

İstintaq araşdırması zamanı məlum olub ki, Tağıyev hadisə zamanı evdə tək olub. Qətli törədən şəxs evə daxil olaraq, ona kəsici-deşici alətlərlə qol, boyun və kürək nahiyələrindən çoxsaylı xəsarət yetirib.

Hüseynovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Qətl hadisəsinin tamah niyyəti ilə törədildiyi bildirilir.