“Yol hərəkəti qaydalarını pozan piyadalar cərimələnsin”
“Hökumətimizin cərimə siyasəti də başayaqdır! İldən-ilə dövlət büdcəsini doldurmaq məqsədilə cərimə obyektləri və məbləğləri artır. Amma lazım olan hallarda cərimələr tətbiq olunmur və məbləğlər də artmır. Məsələn, piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsinə əsasən cərimə məbləği 20 manatdır və demək olar ki, heç kəsə tətbiq olunmur. Buna görə də piyadalar yolu haradan gəldi keçirlər, svetoforun işıqlarına məhəl qoymurlar və s. Yol-nəqliyyat hadisələrinin xeyli hissəsi də məhz buna görə baş verir.
Bunu tanınmış vəkil Əkrəm Həsənov bildirib.
Ə.Həsənov qeyd edib ki, şəhərin az qala hər tinində videokameralar quraşdırılıb: "Bir neçə ay ərzində həmin kameralardakı görüntlülər əsasında vətəndaşları kütləvi cərimələməyə (cərimə məbləğini artırmaq da olar) başlasalar, bu mənfi vərdişi əksəriyyət tərgidərlər. Bunu etmək belə çətindir? Niyə etmirlər? Hər hadisədə sürücünü günahkar çıxarmaq üçün? Belə hadisələrin sayının azalması kiməsə sərf etmir? Yol mədəniyyəti əslində hər bir xalqın hüquqi şüurunun aynasıdır. Haqqımızın qorunmasını istəyiriksə, başqasının da haqqına girməməliyik".