“Aprel döyüşlərinin dayandırılmasının arxasında Serjikin şifahi vədləri dayanırdı” - Təbriz Musayev
Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan erməni mediasına geniş müsahibə verib. Müsahibədə çoxsaylı ziddiyətli fikirlər səsləndirib. Sarkisyan əvvəlki danışıqlarda bir sıra məqamları danıb. Elə təəssürat yaratmağa çalışıb ki, guya o, heç bir şifahi vəd verməyib.
Halbuki, S.Sarkiysyan 2016-cı ildə baş verən Aprel döyüşlərindən sonra danışıqlarda konstruktiv mövqe tutacağı ilə bağlı şifahi vəd verib. Ancaq müsagibədə Serjik bütün bunları danaraq Nikol Paşinyanı yalan danışmaqda ittiham edib. Qeyd edib ki, Dağlıq Qarabağla bağlı danışıqlarda heç bir şifahi razılaşma olmayıb.
Sarkisyan verdiyi müsahibəsində tamamilə ziddiyətli fikirlər səsləndirib. Bir tərəfdən deyib Qarabağla bağlı insanlar məyusdur, o biri tərəfdən deyib hələdə imkanlar var. Bir tərəfdən deyir müharibədə bizi sındırdılar, o biri tərəfdən deyir Minsk Qrupunu aktivləşdirmək və hakimiyyətdən bu yolla getməyi tələb etmək lazımdır: “Biz kapitulyasiya imzalamağa məcbur olduq, sındırıldıq. Müşahidələrim göstərir ki, Ermənistanda bəzi siyasi qüvvələr və bu barədə çox düşünən insanlar məyusdur. Ölkədə məyus ümidlər mühiti hökm sürür. Mən isə bir daha bəyan etməyə gəlmişəm ki, “Artsax” heç vaxt Azərbaycanın tərkibində olmayacaq. Dağıdıcı müharibəyə, bu müharibədə təslim olmağına baxmayaraq, Ermənistanın hələ də imkanlar var”.
Əgər doğurdan da imkanlar var idisə, o zaman müharibədən sonra keçirilən seçkilərdə S.Sarkisyanın da daxil olduğu revanşist qüvvələr niyə Paşinyana uduzdu?
Sözügedən məsələni "Bakı-Xəbər"ə şərh edən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin fikrincə, S.Sarkisyan revanşist mövqedən çıxış etsə də o bir sıra məsələləri təhrif edir: “S.Sarkisyanın müsahibəsi ilə tanışam. O, özünü danışıqların mahiyyətindən daha çox məlumatlı olan şəxs kimi “ağıllı” göstərməyə çalışır. Hansı ki, Qarabağ danışıqları məhz onun dövründə tam dalana dirəndi. 2011-ci il Kazan görüşündən sonra danışıqlar faktiki olaraq tupikə düşmüşdü. Sarkisyan bir sıra məsələləri öz bildiyi kimi interpritasiya edir. O anlamaq istəmir ki, ən çətin situasiyalarda belə, Azərbaycan Qarabağın itirilməsi ilə barşmayıbsa, güclənəndən sonra necə güzəştə gedərdi? Danışıqların məzmunu barədə danışarkən detallar ətrafında uğursuz manevrlər edir. Sarkisyanın hansısa şifahi vəd verməsini danması tamamilə yalandır. Məsələ ondadır ki, 2016-cı ilin Aprel döyüşlərinin dayandırılmasının arxasında məhz onun şifahi vədləri dayanırdı. O vaxt Rusiya məhz bunu əsas götürərək 4 gündən sonra döyüşləri dayandırdı. Ondan sonra Sarkisyan prosesləri uzadaraq verdiyi vədlərdən yayındı. Məhz o vaxt Rusiya “Lavrov planını” reallaşdırmaq istəyirdi. Əgər Ermənistan o zaman güzəştə getsəydi, Qarabağ məsələsində indiki situasiya ilə müqayisədə daha yaxşı mövqedə olardılar. Sarkisyanın verdiyi vəddən qaçdığı üçün Rusiyadan aldığı dəstəkdən məhrum oldu. Nəticədə 2018-ci ilin aprelində Paşinyanın timsalında Ermənistanda “məxməri inqilab” baş tutdu. Bunun sayəsində Serjik baş nazir kürsüsündə otura bilmədi. S.Sarkisyanın cəsarəti varsa, bu məqamı da etiraf etsin. Diqqəti çəkən başqa bir məqam odur ki, ötən il seçki kampaniyasında Rusiya S.Sarkisyana hansısa dəstək vermədi. Bütün dəstək Robert Köçəryana yönəldildi. Rusiya televiziya kanalları bir neçə dəfə R.Köçəryana geniş efir məkanı verdikləri halda, S.Sarkisyana bu imkan tanınmadı. Hansı ki, Sarkisyan da revanşist qanadın təmsilçisi idi. S.Sarkisyan özü yaxşı bilir ki, Qarabağdakı erməni separatizminin perspektivi görünmür. Sadəcə, onlar separatizmin əsasını qoyduqları üçün indi onun girovuna çevriliblər”.
İAT sədri onu da qeyd etdi ki, Sarkisyanın nə cür sərsəmləməsindən asılı olmayaraq təşəbbüs bizim əlimizdədir və bundan sonra da belə olacaq.