Sosial şəbəkədə biz:

Deputat danışdı: “Pullar Beynəlxalq Bank vasitəsi ilə köçürüldüyündən...”

02 February 2022, 09:02
Gündəm

“Bəli, bu məlumat tam doğrudur. 31 yanvar 2022-ci ildə London Magistrat Məhkəməsi aparılan araşdırmalarla bağlı öz qərarını elan edib. Hakim bank hesablarında olan 10 milyondan bir qədər çox vəsaitin qanuniliyini tanıyıb və məhkəmə həmin vəsaitlərin istifadə üçün açılmasına qərar verib. Lakin təxminən 5 milyon məbləğində qalan digər vəsaitlərin xarici ölkəyə köçürülmə mexanizmi məhkəməyə o qədər də aydın deyil və ona görə də məhkəmə həmin vəsaitlərin qanuni yolla köçürüldüyünə şübhə ilə yanaşır”.

Bu sözləri oliqarx deputat Cavanşir Feyziyev London Məhkəməsi tərəfindən milyonlarla dollar vəsaitinin müsadirə olunması barədə məlumatları şərh edərkən modern.az-a açıqlamasında bildirib.

Xatırladaq ki, Böyük Britaniyanın Milli Cinayət Agentliyinin araşdırmasından sonra Cavanşir Feyziyevin bank hesabında saxlanılan milyonlarla funt-sterlinqi müsadirə edildiyinə dair məlumat yayılıb.

Məlumatda bildirilib ki, maliyyə müstəntiqləri Azərbaycan parlamentinin deputatı, Böyük Britaniya-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevin ailə üzvlərinə məxsus Böyük Britaniyada 5,6 milyon funt-sterlinq məbləğində bank hesablarının müsadirə edilməsi haqqında sərəncam imzalayıblar.

C.Feyziyev bildirib ki, vəsait vaxtilə Beynəlxalq Bank vasitəsilə köçürülüb: “Bilirsiniz ki, bir neçə il əvvəl Beynəlxalq Bankın fəaliyyətində ciddi qüsurlar aşkarlanmışdı. Bununla bağlı Azərbaycanda da kifayət qədər uzun sürən məhkəmə araşdırmaları aparılmış və Bankın İdarə Heyətinin sədri həbs olunmuşdu. Beynəlxalq Bankla bağlı baş vermiş bu xoşagəlməz hadisələr həmin bank vasitəsilə xaricə köçürülmüş bütün vəsaitlərin qanuniliyinə kölgə salır. O cümlədən, ailə üzvlərimin xaricdəki bank hesablarında olan vəsaitlərin də məhz həmin hissəsi Beynəlxalq Bank vasitəsilə köçürüldüyündən London Məhkəməsi hesab edir ki, araşdırmalara ehtiyac var”.

“Niyə həmin sənədlər bank hesablarında olan vəsaitlərin yalnız bir hissəsini, yəni 10 milyonluq hissəsini təsdiq etdi, qalan vəsaitlər üçün isə keçərli olmadı? Bunun səbəbini izah edə bilərsinizmi” sualına oliqarx deputat belə cavab verib: ”Səbəb çox sadədir. Məhkəmə araşdırması aparılan zaman diqqət əsasən mənim ailə üzvlərim tərəfindən Böyük Britaniyada sərmayə kimi yatırılmış 10 milyon funt sterlinqin qanuniliyinin yoxlanılmasına yönəlmişdi. Ona görə də yoxlama məqsədi ilə bizdən vəsaitlərin yalnız həmin hissəsinə aid olan sənədlər tələb olunmuşdu və biz də həmin sənədləri təqdim etmişdik. Buna görə də həmin sənədlərin əhatə etdiyi 10 milyon vəsait sərbəst buraxıldı. 

O zaman hesablardakı digər vəsaitlərlə bağlı sual qoyulmadığından həmin vəsaitlərə aid sənədlər də soruşulmamışdı və bizim tərəfimizdən də təqdim olunmamışdı. İndi bizim öz təşəbbüsümüzlə qalan vəsaitlərin, yəni Beynəlxalq Bank vasitəsilə köçürülmüş vəsaitlərin də qanuniliyinin yoxlanılması ilə bağlı yeni araşdırma mərhələsi başlanacaq. Bu araşdırmalar məhkəmənin daha yuxarı instansiyasında daha peşəkar hakimlər tərəfindən aparılacaq. Həmin vəsaitlərin də necə və harada qazanılması haqqında kifayət qədər təsdiqləyici sənədlərimiz var və əminəm ki, növbəti mərhələdə də məhkəmə araşdırması həmin sənədlərə lazımi qiyməti verəcək”.