Nərgiz Babayeva: “Belə Prezidenti və gəncləri olan ölkə heç vaxt sarsılmaz”
Fevralın 2-də Bakıda Gənclər Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu keçirilib. Gülüstan sarayında təşkil olunan tədbirdə gənc sahibkarlar, dövlət proqramlarının iştirakçıları, keçmiş məcburi köçkün, şəhid ailələrinin gənc üzvləri, Vətən müharibəsi iştirakçıları, təhsildə və sosial inklüziv fəaliyyətdə fərqlənənlər iştirak edib. Forumda çıxış edən ölkə başçısı həm çıxışı əsnasında, həm də forum iştirakçılarının suallarını cavablandırarkən bir çox mühüm məqamlara toxunub.
Ölkə başçısının çıxışında ən diqqətçəkən məqamlardan biri onun məşhur amerikalı sahibkar Corc Soros haqda dedikləri idi. Belə ki, İlham Əliyev Sorosçuların əsas hədəfinin gənclik olduğunu vurğulayıb:
"Bu qlobalistlərin - mən onları şərti olaraq belə adlandırıram - sorosçuların məqsədi məhz gənclərdir. Ona görə fondlar yaradılır, o fondların xətti ilə ianələr verilir, müxtəlif yaxşı, gözəl məna daşıyan proqramlar altında məhz bu dağıdıcı missiya həyata keçirilir ki, gəncləri öz dövlətinə qarşı, ilk növbədə, öz əcdadlarına, öz tarixinə qarşı, öz dəyərlərinə qarşı qaldırsınlar və sonra onlardan zombi kimi istifadə etsinlər”.
Maraqlıdır, gənclər hərəkatının tanınmış simaları Prezidentin bu fikirləri ilə bağlı nə düşünür?

Bakı Gənclər Mərkəzinin rəhbəri Nərgiz Babayeva “Bakı-Xəbər” qəzetinə açıqıamasında bildirdi ki, Prezidentin məhz Gənclər Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda bu məqamı qeyd etməsi və Sorosu açıq hədəf seçməsi heç də təsadüfi deyil. Məsələ ondadır ki, qlobalistlər və onların üzdə görünən siması, dünyada "inqilabların atası” olaraq tanınan amerikalı milyarder Corc Sorosun "açıq cəmiyyət” ideyasının əsas hədəf auditoriyası məhz gənclərdir:
“Təsadüfi deyil ki, hazırda dünyanın əksər ölkələrində gənclər sürətlə həmin hərəkata cəlb olunur. Proses məhz Soros Fondunun maliyyələsi ilə həyata keçirilir. Əslində isə Soros bu kimi ittihamları inkar etmir. Mənə elə gəlir ki, hər bir ölkənin Prezidenti bu cür risqli çıxış etmir. Məlumdur ki, həmin şəbəkənin əlində kifayət qədər resurslar var. Buna baxmayaraq, Prezident ölkəmizin gələcəyi naminə cəsarət nümunəsi ortaya qoyur. Biz gənclər bundan ciddi nəticə çıxarmalıyıq. Dövlətimiz gənclərimiz üçün əlindən gələn bütün yardımları edir. Onların inkişafı üçün lazımi qurğuları tikib istifadəyə verib. Buna misal kimi: Gənclər Mərkəzləri, Gənclər Evləri, Olimpiya Komplekslərini göstərə bilərik. Yaradılan bu şəraitdən səmərli istifadə edərək Mərkəzimizdə gənclərin maariflənməsi, bacarıqlarını inkişaf etdirilməsi istiqamətində işlər görürük. Gənclərin ümumi ab-havasından görünür ki, onların böyük əksəriyyəti cənab Prezidentin yürütdüyü siyasəti dəstəkləyirlər. Artıq Azərbaycan yeni mərhələyə qədəm qoyub. Yad təsirlərlə bizim ölkənin daxilində məkirli siyasət yütüdülə bilməz. Bizim gənclər 44 günlük müharibənin gedişində dövlətlərinə nə qədər bağlı olduqlarını göstərdilər. Belə Prezidenti və gəncləri olan ölkə heç vaxt sarsılmaz”.
Məhəmmədəli QƏRİBLİ