9 aydır bütün təqaüdləri kəsilən Qarabağ qazisi intihar həddində
"9 aydır təqaüd ala bilmirəm. Bəs, mən nəylə və necə dolanım? Evin kommunal xərclərini ödəməyə, çörək almağa belə pul tapmıram, müalicəm üçün daim istifadə etməli olduğum dərmanların üzünə həsrət qalmışam”.
Bunu Qaynarinfo-ya açıqlamasında Birinci Qarabağ müharibəsinin veteranı, Biləsuvar rayon sakini, II qrup Qarabağ əlili Asif Həşimov deyib. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu süründürməçiliyini və ona qarşı baş verən haqsızlıqların səbəbini başa düşmədiyini deyib:
"Biləsuvar rayon Mərkəzi Xəstəxanasında həkimlər var, göndərsinlər nümayəndələrini, gəlsin, orada bir də komissiyadan keçirsinlər. Nə məcburdur Bakıya gəlim? Hər yeri xəstəlik başına alıb. 9-cü aydır ki, dövlətdən təqaüd ala bilmirəm. Nazirliyin məni niyə süründürməsinin cavabını bilirəm. Onlar mənə maşın vermişdilər, nasaz idi, mən də şikayət etdim, məsələni ictimailəşdirdim. Bu da onların xoşuna gəlməyib yəqin. Maşını dəyişəndən 8 ay sonra pensiyam dayandı. Bu oyundu, bilmirlər, hansı variantla saxlasınlar. Pensiyanı saxladın, bəs Prezident Təqaüdünü niyə saxlayırsan? Mən nəylə dolanım? Mənim ev xəclərim var, 9 aydır dərman üzünə həsrət qoyublar. Xəstəxanaya gedirəm, deyirlər, dərman yoxdur, pulla da ala bilmirəm. Çünki pul yoxdur. Evdə uşaqlarımın üzünə baxa bilmirəm. Görün müharibədə düşmənin sındıra bilmədiyi Asif nə günə qalıb ki, artıq çörək söhbəti eləyir. Bunları dediyimə görə belə utanıram! Bütün instansiyalar mənim təkrar ekspertizamı keçirib, forma 88 göndərilib, TƏBİB təsdiqləyib, nazirliyə göndərib. Səkkiz aydır nəticə üçün e-gov.az saytına girib baxıram və səkkiz aydır ki, ancaq bu sözü oxuyuram: "Əlavə yoxlanışlar aparılır”. Mənim nə qədər sənədim var ki, 8-9 aydı yoxlayıb qurtara bilmirlər? Artıq yaşaya bilmirəm. Yaşamaq istəmirəm. İndi özünüz deyin, bunun günahkarı kimdir?”
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov Qaynarinfo-nun sorğusuna cavabında bildirib ki, Asif Həşimov yenidən təkrar komissiyadan keçməlidir:
"Onu Bakıya çağıracaqlar ki, təyin olunan komissiyadan keçsin. Çalışağayıq ki, bu ay ərzində komissiyadan keçsin”.
Qarabağ qazisi (əlili), jurnalist, Prezident təqaüdçüsü Rey Kərimoğlu Qaynarinfo-ya açıqlamasında prosesin artıq elektronlaşdırıldığını bildirib:
"Problemlər var, amma Qarabağ əlili narazıdırsa, Sahil Babayevin qərarı ilə ayrıca komissiya keçirilir. 2015-ci ildə Nazirlər Kabinetinin 413 saylı qərarı var. Həmin qərarla 2015-ci ilə kimi pensiya, əlillik dərəcələri olanların təxminən 50%-ın pensiyası dayandırılıb. Onların əksəriyyəti həllini tapıb və düşünürəm ki, yerdə qalanlar da həllini tapacaq”.
Bahar Rüstəmli


