Vətən müharibəsi qazisini, zabiti Tik-Tok mübahisəsinə görə öldürən vəhabi
2021-ci ilin noyabrında “Tik-Tok”dakı mübahisəyə görə Vətən müharibəsi qazisini, zabit Natiq Ramazanovu bıçaqla qətlə yetirən Bakı sakini, 40 yaşlı Əli Musayevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Cinayət işi üzrə materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
virtualaz.org-un xəbərinə görə, cinayət işi hakim Telman Hüseynovun icraatındadır. Məhkəmə baxışı fevralın 17-nə təyin edilib.

Hadisə ötən il noyabrın 9-da baş verib. Araşdırmalar zamanı müəyyən edilib ki, Natiq Ramazanov “Tik-Tok” sosial şəbəkəsində yazdığı ifadələrlə əlaqədar şəhər sakini, 40 yaşlı Əli Musayev ilə Nizami rayonu, Q.Qarayev prospektində görüşüb. Mübahisə zamanı Ə.Musayev N. Ramazanova bıçaqla xəsarət yetirib. Ağır dərəcəli bədən xəsarətləri alan yaralı xəstəxanaya aparılarkən yolda ölüb.
Ə.Musayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Xatırladaq ki, leytenant N. Ramazanov İkinci Qarabağ Müharibəsinin iştirakçısı olub. Memarlıq və İnşaat Universitetini bitirib. Hərbi xidmət zamanı leytenant rütbəsi alıb. 27 sentyabrı 2020-ci ildə Vətən Müharibəsi başlayan gün könüllü olaraq müharibəyə yollanıb. Hadrutun, Füzulinin, Cəbrayılın işğaldan azad olunmasında iştirak edib. Onu qətlə yetirən şəxs isə radikal dindardır, vəhabi təriqətinə mənsubdur.