Firdovsi Şahbazov: “Əmək pensiyası ilə bağlı yaradılan çətinliklər hansısa obyektiv iqtisadi reallıqlarla bağlı məsələ deyil”
Məlum olduğu kimi, Azərbaycanda 2022-ci il üzrə pensiya kapitalının minimum məbləği artıb. İndi minimum pensiya kapitalı yanvar ayının 1-dən 34 560 manat təşkil edir. Bundan əvvəl həmin məbləğ 28 800 manat idi.
Pensiya kapitalının minimum məbləğinın artımı minimum əmək haqqının artması ilə bağlıdır. Ölkədə hər dəfə minimum əmək haqqı artdıqda pensiya kapitalının minimum məbləği də artmış olur. Elə bu səbəbdən hesab edilir ki, pensiya kapitalının minimum məbləğinin minimum əmək haqqına bağlanması təcrübəsinə son verilməlidir. Çünki bu halda şəxs topladığı pensiya kapitalının minimum məbləğindən təqaüdə çıxdığı zaman istifadə edə bilər. Əks halda minimum əmək haqqının artımı fonunda pensiya kapitalının minimum məbləği tələb olunan həddə deyilsə, onda toplanmış vəsaitdən istifadə mümkünsüz hala gəlir. Digər tərəfdən, minimum pensiyanın artırılması heç də hər kəs üçün sevindirici xəbər deyil. Axı minimum pensiya məbləğinin artırılması həm də pensiyaya çıxa bilmək üçün tələb edilən kapital məbləğinin artması deməkdir. "Əmək pensiyaları haqqında" qanuna görə, Azərbaycan vətəndaşı pensiya hüququ əldə etməkdən ötrü bir çox tələbə cavab verməlidir. Bu tələblərdən biri yaşla bağlıdır. 2017-ci ildə qəbul edilən qərara görə, kişilərin pensiya yaşı 65, qadınlar üçün 63-dür. Qanunvericiliyə görə, Azərbaycanda pensiya yaşına çatan vətəndaş yalnız topladığı pensiya kapitalı pensiya təminatına imkan verərsə, stajdan asılı olmadan əmək pensiyası almaq hüququ qazanır. Yəni pensiya yaşına çatan şəxsin 25 il rəsmi iş stajı varsa, o, pensiya kapitalına baxmadan da pensiya almaq hüququ əldə edə bilir. Onu da qeyd edək ki, Azərbaycan qanunlarına görə, 25 il iş stajı və minimum pensiya kapitalı olmayan şəxslərə pensiya yaşına çatanda yalnız qocalıq müavinəti təyin edilir.
Bütün bu deyilənlərin fonunda, əmək pensiyasına çıxmaq şərtlərinin son 5 ildə bu qədər çətinləşdirilməsinin dövlətə, cəmiyyətə hansısa faydası dəyibmi?
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazovun fikrincə, son 5 ildə pensiya şərtlərinin çətinləşdirilməsindən daha çox vətəndaşlar əziyyət çəkir: “Azərbaycanda son 5 ildə əmək pensiyası ilə bağlı yaradılan çətinliklər hansısa obyektiv iqtisadi reallıqlara bağlı məsələ deyil. Problemin kökündə əsasən subyektiv amillər dayanır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yarıtmaz fəaliyyəti vəziyyəti bu qədər çətinləşdirir. Nəticədə bir çoxları pensiya almaq imkanından yararlana bilmir. Baxmayaraq ki, prosesdə maraqlı şəxslər bunu saxta sənədlərin ləğvi kimi təqdim edir və bunun dövlət büdcəsi vəsaitlərinə qənaət baxımından böyük töhfə olduğunu qeyd edir. Ancaq əslində reallıqlar başqa həqiqətləri ortaya qoyur. Qəribə səslənsə də, proses daha çox ƏƏSMN rəhbərliyinin genişmiqyaslı korrupsiya şəbəkəsini pərdələmək məqsədilə bu qədər sərtliyi ilə davam etdirilir. Normal təftiş aparılarsa, nazirliyin təkcə rayonlarda "DOST" mərkəzlərinin tikintisində yol verdiyi yeyintinin həcminin ağlagəlməz səviyyəsi vəziyyətin nə yerdə oıduğunu üzə çıxaracaq. Birbaşa büdcəyə qənaət kimi təqdim edilənin əslində büdcə gəlirlərinə dolayı mənfi təsirləri qiymətləndirilərsə, onda məlum olacaq bu “qənaət” fayda deyil, daha çox ziyandır. Bu cür qeyri-obyektiv yanaşma əslində milli gəlirin əhalinin sosial qrupları arasında ədalətli bölgüsü kanallarını yıxmaqla ölkədə onsuz da yaxşı səviyyədə olmayan sosial diferensasiyanı daha da dərinləşdirir. Prosesin bu şəkildə aparılması əhalinin yığım səviyyəsinə birbaşa mənfi təsir göstərir ki, bu da gələcəkdə ölkədə investisiya imkanlarını məhdudlaşdırmaqla, istehsal həcmlərinin azalmasına səbəb olacaq”.
O baxımdan, ekspert son 5 ildə bu sahədə görülən işləri qənaətbəxş hesab etmir.