“Etirazlar və qarşıdurma mühiti Ramiz Mehdiyevin əsəb sisteminə mənfi təsir göstərir”
"Son hadisələr göstərir ki, Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) ciddi böhran yaşanır. AMEA, sanki, qütbləşib. Bir qütbdə Azərbaycanın tanınmış elm xadimləri Akademiyanın Prezidentinin istefasını tələb edir, digər qütbdə isə Ramiz Mehdiyev və onun komandası dirəniş nümayiş etdirirlər. Yəni bu, elmi mühit deyil. Ramiz Mehdiyev istefa verməklə həm öz sağlamlığını qorumuş olar, həm də Azərbaycan elmini xilas edər".
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Deputat qeyd edib ki, mövcud mühitdə elmin inkişaf edə bilməyəcəyi aydındır: "Ümumiyyətlə, elm xadimləri Ramiz Mehdiyev barədə çox ciddi ittihamlar irəli sürürlər. Qeyd edirlər ki, o, AMEA-nı intriqa yuvasına çevirib və Akademiyada elmdən başqa yer şeyin şahidi olmaq mümkündür. Belə olan halda, Ramiz Mehdiyev mətbuat konfransı keçirərək nə baş verdiyinə aydınlıq gətirməli, ona qarşı səsləndirilən ittihamların əsaslı və əsassız olmasını izah etməlidir. Brifinqdə, həmçinin o, AMEA prezidentliyi dövründə ortaya qoyduğu işlər, pandemiya dövründə Akademiyanın əldə etdiyi uğurlar barədə faktlarla çıxış etməlidir. Lakin bütün bunlar baş vermir, sadəcə olaraq, Akademiyanın rəsmi saytında Ramiz Mehdiyevin adından bir məlumat paylaşılır. Həmin yazıda da akademik ona qarşı tənqidi münasibətdə olanları ittiham edir, tabeliyində olan alimləri, eyni zamanda deputatları "cib" və "avtobus" müxalifəti adlandırır. Ramiz Mehdiyevin belə terminlərdən istifadəsi qəribə səslənir və təəccüb doğurur. Ona görə də indiki şəraitdə ən düzgünü Ramiz Mehdiyevin yaşını və səhhətini də nəzərə alaraq istefa etməsidir. Belə olan halda, hər iki tərəf qazanar. Akademik bununla özünün sağlamlığını qoruyacaq, çünki etirazlar və qarşıdurma mühiti onun əsəb sisteminə, təbii ki, mənfi təsir göstərir. Bu, Ramiz Mehdiyevə qətiyyən lazım deyil. Qənaətim budur ki, ən optimal variant akademikin vəzifədən ərkanla istefa verməsidir".