Təbriz Musayev: “Nikol hansı demokratiyadan danışır ki, Ermənistan əhalisinin 99 faizi ermənidir”
Belə getsə, Ermənistan-Belarus münasibətləri kəskinləşəcək. Ermənistanın Baş naziri Nikol Paşinyan Belarus prezidenti Aleksandr Lukaşenkonun Ermənistanla bağlı səsləndirdiyi fikirlərə sərt reaksiya verib.
Paşinyan parlament tribunasından Lukaşenkonun ünvanına təhqiramiz ifadələr səsləndirib. O, Lukaşenkonu əlində avtomat olan tiran adlandırıb: “Ermənistanı demokratiya sammitinə dəvət edəndə başqa dövlətlər dəvət olunmur, inciyirlər, Ermənistana demokratik ölkə deyəndə, amma onlara deməyəndə inciyirlər. Ermənistanda hakimiyyət legitimdi, öz ölkələrində isə legitim demirlər, inciyirlər. Ermənistanı Belarusla müqayisə etmək olmaz, çünki birincisi demokratik dövlətdir, ikincisi isə yox. Ermənistanda hadisələr baş verdi, siz heç görmüsünüzmü mənim küçələrdə avtomatla gəzdiyimi? Qarabağa gedən jurnalistləri Azərbaycana təhvil verdilər, bu, Ermənistanın üzünə şillə oldu, yoxsa yox? Azərbaycana milyardlarla silah satışı başlayanda siz harada idiniz, niyə səsinizi çıxarmadınız?”.
Məlumat üçün qeyd edək ki, A.Lukaşenko rusiyalı jurnalist Vladimir Solovyova müsahibəsində yeni ölkələrin Rusiya və Belarusun İttifaq dövlətinə qoşulmasının mümkün perspektivlərini şərh edərkən Ermənistanın getməyə yerinin olmadığını deyib. Lukaşenko bunu onunla əsaslandırıb ki, Ermənistan kiməsə lazım deyil.
Sözügedən məsələni "Bakı-Xəbər"ə şərh edən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin fikrincə, Belarusla Ermənistan eyni iqtisadi və hərbi yönümlü təşkilatlarda təmsil olunsalar da, iki ölkənin münasibətləri elə də yaxın olmayıb: “Bu da səbəbsiz deyil. Məsələ ondadır ki, A.Lukaşenko Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxlamasına mənfi yanaşıb. Belarus prezidenti, xüsusən ətraf rayonların ilkin mərhələdə azad olunması təşəbbüsü ilə çıxış edib. İllər öncə o, verdiyi müsahibəsində bunu dilə gətirdi. Hətta bununla bağlı o zaman Ermənistan prezidenti olan Serj Sarkisyana da müəyyən iradlar bildirib. Belarus prezidenti yaxşı bilir ki, Azərbaycan Ermənistanla müqayisəolunmaz dərəcədə etibarlı tərəfdaşdır. Baxmayaraq ki, Belarus Ermənistanla birlikdə KTMT-də təmsil olunur, amma bu ölkə Azərbaycana müasir silahlar satıb. İllər öncə bloger Aleksandr Lapşin qanunsuz olaraq Qarabağa səfərlər edərək həyasızcasına separatçıların təbliği ilə məşğul olurdu. 2017-ci ildə A.Lapşin Belarusda Azərbaycan tərəfinin tələbi ilə saxlanıldı. Daha sonra Azərbaycana ekstradisiya edilib. Bütün bunları ermənilər A.Lukaşenkoya bağışlamır. Ona görə ona qarşı belə qəzzəblidilər. Paşinyan hansı demokratiyadan danışır ki, Ermənistan əhalisinin 99 faizi ermənidir? Nəinki azərbaycanlılar, digər etniklər ölkədən qovulub. Əslində bu günlərdə A.Lukaşenko düzgün dedi ki, Ermənistan lazımsız dövlətdir. Bunlar həmişə kiməsə yük olurlar. Çünki Ermənistan nə tərəfdaş kimi tərəfdaşdır, nə də etibarlı müttəfiq. Lukaşenko yaxşı bilir ki, mövcud hakimiyyət riyakar siyasət yürüdür. Fikrimcə, bundan sonra Ermənistan və Belarus arasında olan münasibətlər daha da pisləşəcək”.
Bu baxımdan İAT sədri hesab edir ki, bütün bu baş verənlər Azərbaycanın mənafeyinə uyğundur.