Sosial şəbəkədə biz:

Türkiyədə 6 partiya idarəçiliyi dəyişmək üçün birləşdi - ŞƏRH

15 February 2022, 09:32
Gündəm

Qərb qardaş ölkə üzərində hərəkətə keçib?

Türkiyənin 6 müxalifət partiyasının lideri prezident üsul-idarəsinin parlamentar sistemlə əvəzlənməsi üçün bir araya gəlib. Bunlar İYİ Partiya lideri Maral Akşener, “Səadət” lideri Təməl Qaramollaoğlu, “Demokrat Partiya” lideri Gültəkin Uysal, “Gələcək Partiyası” lideri Əhməd Davudoğlu, DEVA partiyasının lideri Əli Babacan və CHP lideri Kamal Kılıçdaroğludur.

Bildirilir ki, bu partiyalar iqtisadi böhrandan çıxış üçün ortaq proqram hazırlayıb, ictimaiyyətə təqdim edəcəklər.

Sabiq nazirlər AKP-dən qopmuş Babacan və Davudoğlundan söz düşmüşkən, unutmayaq ki, bu iki şəxs bədnam Sürix protokollarının əsas ideya müəlliflərindən olublar. Onların da yaxından iştirakı ilə həyata keçirilmək istəyən Ermənistanla sərhədi açmaq təşəbbüsü o vaxt Azərbaycanı çox yaraladı və qardaş Türkiyə ilə münasibətlərin gərginləşməsinə səbəb oldu. Sonradan o vaxt baş nazir olan Rəcəb Tayyib Ərdoğan bu xain planı əlinin tərsi ilə geri çevirdi, baş tutmasını əngəllədi. Altı müxalifət partiyasının Ərdoğan iqtidarına qarşı birləşməsinin arxasında Qərbin Türkiyəni növbəti dəfə qarışdırmaq planı ola bilərmi?

Məsələn, Ərdoğan Azərbaycanla bu qədər yaxınlaşır, digər türk respublikalarını Türkiyənin ətrafına toplayır, türk dünyasının şəriksiz liderinə çevrilir. Bu prosesin qarşısını almaq üçün bu dəfə Türkiyəni daxili siyasi güclərin, müxalifətin əli ilə qarışdırmaqmı istəyir? Azərbaycanla Türkiyənin münasibətlərinin indiki mərhələsində Türkiyədə hakimiyyət dəyişikliyi Qarabağa, Azərbaycana, Türkiyəyə nə vəd edir?

Ərdoğan Ermənistanla barışıq sürəci aparıb, danışıqlar başladıb, qondarma erməni soyqırımı iddialarından Ermənistanı vaz keçirməyə çalışır. Bunun üçün sərhədləri açmağa hazır olduğunu bildirir. Göründüyü kimi, Türkiyə, Azərbaycan və türk dünyası üçün belə həssas məqamda Türkiyəni toparlamaq üçün neçə il öncə atılmış addımı - prezident üsul-idarəsini ləğv etməyə çalışmaq təsadüfə bənzəmir.

Jurnalist Kənan Rövşənoğlunun anası vəfat edib

Kənan Rövşənoğlu

Siyasi yazar Kənan Rövşənoğlu 6 siyasi partiyanın bir araya gəlməsini ciddi hadisə sayır: “Hələlik söhbət qeyd etdiyiniz kimi, parlamentar sistemə geri dönüş mövzusunda ittifaqdan gedir. Bu partiyaların seçki ittifaqı yaradıb-yaratmayacağı hələlik məlum deyil. Mümkündür ki, bu barədə qərar 6 partiyanın 28 fevralda elan olunacaq yekun bəyanatında qeyd olunacaq. Amma bu partiyaların bir araya gəlməsi özü ciddi hadisədir. Çünki 6 partiyadan 2-si - CHP və ”Səadət" Türkiyədə əsas ideoloji partiyalardır. Türkiyədə 3 əsas ideoloji partiya var ki, digər partiyalar məhz bu partiyaların “köynəyindən” çıxıb. Bunlar CHP, MHP və Səadətdir. Bu mənada yeni ittifaqı ciddi qəbul etmək lazımdır. O ki qaldı xarici təsir amilinə, Türkiyə siyasətində xarici təsir amili həmişə müzakirə olunub. Lakin bu o demək deyil ki, siyasətçilər xarici paytaxtlardan idarə olunur. Türkiyədə parlamentar sistemin müəyyən zəiflikləri olsa da, parlament demokratiyasını qoruyub saxlayırdı. Eyni zamanda prezidentlik sistemi müsbət məqamları ilə yanaşı, ötən 5 ilin təcrübəsi göstərdi ki, hazırkı modeldə ciddi açıqlar var. Xüsusən də hazırkı iqtisadi vəziyyət həm xalqı, həm də siyasətçiləri vəziyyətdən çıxış yolları axtarmağa sövq edir. Bu mənada 6 partiyanın bir araya gəlib parlamentar sistemə qayıdışla bağlı ilkin razılıq əldə etməsi ölkədəki siyasi və iqtisadi vəziyyətin diktəsidir. Əlbəttə, Ərdoğan hökumətini Avropada və ABŞ-da sevməyən qüvvələr var. Onlar istəyər ki, Ərdoğan yeni qüvvələrlə əvəzlənsin. Amma dediyim kimi, bunu bütövlükdə xarici ölkə planı hesab etmək olmaz.

Ərdoğan, əlbəttə, təcrübəli və nüfuzlu siyasətçidir, amma qərarlar və siyasət milli maraqlara görə qurulur. Atatürkün məşhur bir sözü var: “Mənim bədənim bir gün mütləq torpaq olacaq. Amma Türkiyə Cümhuriyyəti sonsuza qədər möhkəm dayanacaq””.

Ermənistan Türkiyənin forpostu olacaq” iddiası

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov Türkiyədəki istənilən hakimiyyət dəyişikliyinin Azərbaycanın ziyanına olduğunu söylədi: “Türkiyədə parlamentar sistem Qərbə ölkədaxili siyasətlə manipulyasiya edib hökumət böhranları təşkil etməyə imkan verirdi. Çünki bir çox siyasi qüvvələr xarici güclərin təsirində idi. Prezident üsul-idarəsi bunun qarşısını aldı. İndi bir araya gələn bu qüvvələr Türkiyəni həmin dövrəmi döndərmək istəyirlər. Qərb Türkiyənin qarışmasında maraqlıdır, nəinki Qərbdə digər aktorlar da. Qərb Ukrayna və Qazaxıstan məsələsində iflas etdi. Türkiyə Yaxın Şərqə və Cənubi Qafqaza, Afrikaya qayıdır. Ola bilər Vyana hüdudlarında yenə yeniçəri kabusları görünür. Bizə gəldikdə isə biz hər şeyə hazır olmalıyıq. Türkiyədə hakimiyyət dəyişsə, bizim üçün heç də yaxşı olmaz. Ən azı HDP amili var. Dünya imperializmi milli silah sənayesi olan, Osmanlı və Səlcuqlu ruhunu oyadan, ara-sıra Turan deyən Türkiyəni sevmir. Dünya imperializminə qeyri-fəal xarici siyasəti olan bir Türkiyə lazımdır”.

Moskva artıq “təhlükə zəngini” çalır - Asif Nərimanlı

Asif Nərimanlı 

Siyasi analitik Asif Nərimanlı Qərbin niyyətlərindən söz açdı: “Bu partiyalar qərbyönümlü siyasi xətti dəstəkləyənlərdir və Babacanla Davudoğlunun ”Millət ittifaqı"na gəlişi növbəti seçkilərdə AKP-dən daha çox səs qoparmağa hesablanıb. Buna nail ola biləcəkləri də istisna deyil. Hərçənd, proseslər məsələnin təkcə seçkilərdə qalib gəlmək yox, Türkiyənin müstəqil siyasi xəttinin qarantına çevrilən prezident üsul-idarəsinin də dəyişdirilmək olduğunu göstərir. 2016-cı il çevrilişə cəhd hadisələri, Suriyada PKK/PYD terroruna qarşı əməliyyatlar və digər proseslər göstərdi ki, Türkiyə parlament üsul-idarəsi dövlətin təhlükəsizliyi üçün vacib məqamlarda çətinliklər yaradır, o cümlədən müstəqil siyasi xəttə imkan vermir. Prezident üsul-idarəsi bu problemləri aradan qaldırmaq və Türkiyənin regional güc rolunu artırmaq məqsədi daşıyırdı ki, proseslər AKP hakimiyyətinin böyük ölçüdə buna nail olduğunu göstərir. Hərçənd, bu, Türkiyəni daim əlinin altındakı ölkə kimi görmək istəyən Qərbə, xüsusilə ABŞ-a sərf etmir. Bayden də hakimiyyətə gəlməmişdən öncə Ərdoğana qarşı müxalifəti gücləndirəcəyini, bu yolla hakimiyyət dəyişikliyinə nail olacağını açıqlamışdı. 6 siyasi partiyanın prezident üsul-idarəsinin dəyişdirilməsi mövqeyi bu prosesin bir hissəsi kimi görünür. Qərb Türkiyəni onun maraqlarına xidmət edən aktiv güc kimi görmək istəyir. Bu, həm Rusiyaya münasibətdə, həm də Şərqə doğru genişlənməkdə belədir. ABŞ Mərkəzi Asiya coğrafiyasına çıxışda da Ankaranı əsas qapı kimi görür və türkdilli ölkələrin Türkiyənin çətiri altında toplanmasını o şərtlə istəyir ki, onun qoyduğu xətdən kənara çıxmayan fiqur olsun. Lakin buna Ərdoğanı devirməklə tam nail ola bilməz, çünki Türkiyə dövlətinin də öz strategiyası var".

Politoloq hesab edir ki, Türkiyədə Ərdoğana qarşı müxalifət üzərindən hücuma hazırlaşan Qərbin eyni ssenarini Azərbaycanda da həyata keçirmək istəyi istisna deyil. Musavat.com