Hakimin vəkil Qanqa İbrahimovu cərimələməsi nə dərəcədə doğrudur?
"Bu tələbə görə vəkilin cərimə edilməsi nonsens və absurddur. Burada qanun pozuntusu, hakimin fəaliyyətinə qarışmaq kimi qanunsuzluğa əsas yaradan heç bir hal yoxdur”.
Bunu Qaynarinfo-ya açıqlamasında Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev Abşeron Rayon Məhkəməsinin hakimi Elman Məmmədovun vəkil Qanqa İbrahimovu iclasın təyin olunmuş vaxtda başlanmasını tələb etdiyinə görə 500 manat cərimələməsinin nə dərəcədə doğru olub-olmadığına aydınlıq gətirərkən deyib:
"Burada kobudluq, hakimə hörmətsizlik də yoxdur. Vəkil sadəcə olaraq təyin olunan vaxtda iclasın keçirilməsini tələb edib. Bu da normal yanaşmadır. Məsələ ciddi araşdırılmalıdır”. Həmsöhbətimiz bildirir ki, vəkilin məhkəmə iclasının vaxtında keçirilməsini tələb etməsi normal haldır, prosedur qaydalarına riayət olunmalıdır:
"Bir qayda olaraq bütün məhkəmə iclaslarının vaxtı və yeri barədə saytda məlumat verilir və tərəflərə də göndərilir. Tərəflər də ona uyğun olaraq öz gündəlik rejimlərini müəyyənləşdirir. Bilirik ki, vəkillərin çoxsaylı işləri olur. Ona görə də onlar üçün vaxtın əvvəlcədən təyin olunması çox əhəmiyyətlidir”. Ona görə də vəkilin həmin tələbi normal qarşılanmalıdır. İclas hər hansı ”X” saata təyin olunubsa, həmin vaxtda da başlamalıdır. İclasın vaxtında başlamamasını tərəflərdən hər hansı birinin üzürlü, üzürsüz səbəbdən iştirak etməməsilə izah etmək olar. Bununla bağlı təxirəsalınma baş verə bilər. Ancaq bunu da hakim iclası vaxtında başlamaqla elan etməlidir”.