COVİD pasportu ilə bağlı qərar paytaxt sakinləri arasında çaşqınlıq yaratdı FOTO
Fevralın 15-dən etibarən Nazirlər Kabinetinin qərarına əsasən, COVİD-19-a qarşı peyvəndin 2-ci dozasının üzərindən 6 ay keçmiş şəxslərin “Peyvənd sertifikatı” etibarlı hesab edilmir. “Peyvənd sertifikatı” tələb olunan sahələrdə çalışan və bir sıra iş və xidmət sahələrinin fəaliyyətindən istifadə edən yaşı 18-dən yuxarı şəxslərin 2-ci dozalarının üzərindən 6 ay keçdikdən sonra buster doza ilə peyvəndlənməsi tövsiyə olunur. Bunun üçün https://randevu.its.gov.az saytına daxil olaraq koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürülməlidir.
Ötən gündən etibarən bu məkanlara yaşı 18-dən yuxarı olan şəxslərdən yalnız etibarlı olan “Peyvənd sertifikatı”, “İmmunitet sertifikatı”, yaxud “Əks-göstəriş sertifikatı” olanların girişinə icazə veriləcək. Bunlar ictimai iaşə müəssisələrinə (kafe, restoran və s.), mehmanxanalara, iri ticarət mərkəzlərinə, idman və sağlamlıq-bərpa obyektlərinə, toy və ya digər şənliklərə, ali təhsil müəssisələri və kolleclərə şamil olunur.
Dövlət qurumlarında, eləcə də bu qərarın əlavəsində sadalanan (tibb və əczaçılıq müəssisələri, elm və təhsil müəssisələri və digər sahələrdə) iş və xidmət sahələrində çalışan işçilərdən etibarlı olan “Peyvənd sertifikatı”, “İmmunitet sertifikatı”, yaxud “Əks-göstəriş sertifikatı”nın olması tələb edilir. 3-cü dozanı qəbul etmədən avtobus və taksi fəaliyyəti ilə məşğul olan sürücülərlə bağlı da tədbirlər görüləcək. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev mediaya açıqlamasında bildirib ki, Nazirlər Kabinetinin qərarına uyğun olaraq tədbirlər icra olunacaq: “Qaydalara əməl etməyən sürücülərlə bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görüləcək”. E. Hacıyev bildirib ki, karantin qaydalarının qorunması və gözlənilməsi diqqət mərkəzində saxlanılır. Qapalı məkanlarda, ictimai nəqliyyatda nəzarət profilaktik tədbirlərin həyata keçirilməsi gündəlik işin əsas tərkib hissəsidir.
Bəs görəsən, qaydalara nə dərəcədə əməl edilir? Bunu öyrənmək üçün paytaxtda fəaliyyət göstərən bir neçə iaşə, ticarət obyektinə yollandıq.

Nizami rayonunda üz tutduğumuz ilk yer “Nefmall” Ticarət Mərkəzi oldu. İçəri daxil olduğumuz zaman insanların rahat şəkildə alış-veriş etdiklərini müşahidə etdik. Heç kimdən COVİD pasportu tələb olunmadığını, hətta maska taxılması tələbini də görmədik. Satıcıdan, “bu gündən qüvvəyə minən qaydalardan xəbəriniz varmı?” soruşduqda o, “xəbərimiz var, amma biz yoxlamırıq”, - deyə cavab verdi.

Buradan çıxıb yaxınlıqdakı digər iri geyim mağazası olan “NewYorker”ə yollanırıq. Burada da eyni vəziyyətlə üzləşdik. İnsanların mağazanın girişində yoxlanılmadığını, sanki yeni qərarların bu ərazilərə aid olmadığı görünürdü. Əlqərəz, bu mağazanı da tərk edib, müşahidələrimizi “McDonald’s restoranlar şəbəkəsində davam etdiririk.

Burada isə fərqli ab-hava ilə üzləşdik. İçəri daxil olan hər kəsdən COVİD pasportunun olub-olmaması yoxlanılırdı. Bizimlə söhbətdə restoranın əməkdaşı bildirdi ki, Nazirlər Kabinetinin qərarına əsasən bu gündən yoxlamağa başlayıblar. ”McDonald’sda diqqət çəkən digər məqam isə insanların narazılığı ilə bağlı oldu. “Mənim sertifikatımın müddəti hələ bir aydan sonra bitəcək.

Necə ola bilər axı. İkinci doza vaksini avqustun 31-də vurdurmuşam. Hələ sertifikatın bitməsinə var, fevralın 31-də bitməlidir. Bir də baxın, sizin aparatınızda problem var, Nazirlər Kabinetinin qərarında 6 ay yazılmışdı”, - deyə paytaxt sakini etiraz etdi. Satıcı isə bildirdi ki, bunun aparatla hər hansı əlaqəsi yoxdur: “Sizin şəxsiyyət vəsiqənizə uyğun olaraq çıxır, biz heç nə ilə sizə kömək edə bilmərik, içəri keçə bilməzsiniz”. Digər vətəndaş da eyni problemlə üzləşərkən satıcıdan bir neçə dəfə nəticəni yoxlamağı tələb etdi.

Şikayət, narazılıqla dolu bu məkanı da tərk edib, avtobus dayanacağına yollanırıq. Axı 3-cü dozanı qəbul etmədən avtobus və taksi fəaliyyəti ilə məşğul olan sürücülərlə bağlı da tədbirlər görüləcəyi deyilmişdi. Odur ki, sürücülərin da fikirlərini öyrənməyə çalışdıq. Amma avtobus dayanacaqlarında da sakitliyin hökm sürdüyünü gördük. Hər hansı yoxlama, cərimələr yox idi. 214 saylı avtobusun sürücüsü də bizimlə söhbətdə bildirdi ki, hələ ki yoxlamalar aparılmayıb: “Mənim vaksin pasportumun müddətinin bitməsinə hələ var. Amma bu gün maska ilə bağlı yoxlama olub”. 81 saylı avtobusun sürücüsü də 3-cü doza vaksin olunmadığını bildirdi: “Hələ sertifikatımın müddəti bitməyib”. 60 nömrəli avtobusun sürücüsü də yoxlamaların aparılmadığını dedi: “Fevralın sonunda sertifikatımın müddəti bitir. 3-cü dozanı da edəcəyik”.

Yeri gəlmişkən, qərarda o da bildirilib ki, koronavirusa qarşı Azərbaycanda tətbiq olunan vaksinlərdən hər hansı birinin hər iki dozasını vurduran şəxslərə “Peyvənd sertifikatı” verilir. “Peyvənd sertifikatı”nın etibarlılıq müddəti 6 aydır. Həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını aldıqda “Peyvənd sertifikatı”nın qüvvədə olması müddətsiz olaraq uzadılır.
TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi Elnarə Baxış “Yeni Müsavat”a “COVİD” pasportunun müddəti ilə bağlı yaranan narazılığa fikir bildirib: “Peyvənd olunandan 5 ay bitib, 6 aya keçdikdə 3-cü doza vurulmalıdır. Bu qərar Nazirlər Kabineti tərəfindən verilib”.
Yada salaq ki, Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli qərarında bildirilib ki, peyvəndin 2-ci dozasının üzərindən 6 aydan çox keçmiş şəxslərin “Peyvənd sertifikatı” fevralın 15-dən etibarlı hesab edilməyəcək. Bu arada, son günlər “Omikron” variantının yüngül gedişatlı olması insanlarda arxayınlaşmaya səbəb olub. Elə bu səbəbdən bəziləri vaksin olunmaq istəmədiklərini də dilə gətirirlər.
Həkim-infeksionist Nicat Əzimli “Yeni Müsavat”a bunun doğru olmadığı deyib: “Koronavirusun ”Omikron" variantının yüksək yoluxuculuq xüsusiyyəti və digərləri ilə müqayisədə daha az letallığı daim vurğulansa da, bu o demək deyil ki, “Omikron” öldürmür. “Omikron” nə qədər yüngül gedişli olsa da, risk qruplarında olan şəxslərdə ağırlaşmalar bəzən ölümlə nəticələnə bilir. Xüsusilə hiperkontaqioz infeksiya olduğu üçün yüksək sayda gündəlik yoluxmalar içində belə ağırlaşma hallarına daha çox rast gəlinir. Hazırda xəstələrin əksəriyyətinin yüngül, bəzən isə orta-ağır vəziyyətdə xəstəliyi keçirdiyini nəzərə alsaq, evdə ambulator müşahidə və müalicənin aparılması aktual olur. Bəzən bu müalicələr yanlış tərtib olunduqda nəticədə xəstənin ağırlaşması hallarını görürük. Burada diqqətə almaq lazımdır ki, hər bir ağırlaşmış xəstənin taleyi ilk günlərdə, evdəki müalicələr zamanı həll olunur. Çünki xəstəlik başlanğıcda daha asan müalicə olunur, nəinki ağırlaşmalar baş verdikdən sonra. Buna görə də evdə müalicələr düzgün tərtib olunmalı, dərmanlar düzgün seçilməlidir. Son olaraq bir daha vurğulamaq lazımdır ki, haqqında danışdığımız “Omikron” variantında ağırlaşmalara daha az rast gəlinir".