Sosial şəbəkədə biz:

"Hərb yolu ilə ərazilərini azad edə bilirsə, Araikin həbsi niyə də mümkün olmasın?" - Təbriz Musayev

17 February 2022, 20:04
Gündəm

“Azərbaycan Araik Arutunyanı həbs etsə, müharibə olacaqmı?” Erməni mətbuatı yazır ki, hazırda erməniləri ən çox düşündürən və qorxudan sual budur.

Daha sonra qeyd edilir ki, erməniləri başqa bir şey də maraqlandırır: “Xankəndi danışır, Paşinyan isə susur. Belə nəticəyə gəlmək olar ki, Qarabağ torpaqlarını təhvil verəndən sonra rəsmi İrəvan Qarabağ prezidentini də təslim etməyə hazırdır”.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Baş Prokurorluğu Qarabağ separatçılarının başçısı Araik Arutunyanın tezliklə həbs edilərək məsuliyyətə cəlb olunacağını açıqlayıb. A.Arutunyanı 2020-ci ilin oktyabrında Gəncənin mülki əhalisinə qarşı həyata keçirilən dörd terror aktında ittiham edilir. Bu səbəbdən o, axtarışa verilib. Baş Prokurorluğun məlum qərarı Xankəndidə təşvişə səbəb olub. Separatçıların məsələni rəsmi İrəvanla müzakirəyə çıxaracağı qeyd olunur. Qarabağda üzləşdikləri məğlubiyyətdən sonra ermənilərdə qorxu yaranıb ki, bu dəfə Araikin həbsi ehtimalı daha böyükdür. Digər məlumat onunla bağlıdır ki, Araiki siyasi səhnədən silmək üçün buna şərait yaradılacaq.

Bütün hallarda, Araik ətrafında ermənilər arasında yaranan təşvişi ekspertlər necə dəyərləndirir?

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev bununla bağlı bir sıra məqamlara toxundu: “Həqiqətən də Baş Prokurorluğun məlum qərarı ermənilər arasında böyük təşvişə səbəb olub. Çünki Qarabağda törətdikləri cinayətlərə görə digər separatçılar barədə də indiyə qədər axtarış elan edilib. Ancaq ərazilərimiz işğal altında olan dövrdə ermənilər buna görə narahat deyildilər. Çünki həm hərbi üstünlük onların tərəfində idi, həm də hesab edirdilər ki, İnterpol siyasi səbəblərdən buna yardım etməyəcək. Bu psixoloji arxayınçılıq həm də onunla əlaqədar idi ki, böyük dövlətlər buna imkan verməz. Necə ki, 26 ildən çox idi atəşkəsin geniş miqyasda pozulacağına əmin deyildilər. Hər zaman deyirdilər ki, böyük dövlətlər buna imkan verməz. O səbəbdən separatçıların həbsinə ciddi baxmırdılar. Ancaq 2020-ci ildə baş verən və qələbə ilə yekunlaşan Vətən müharibəsi bütün o stereotipləri darmadağın etdi. Bax, ermənilərin Araikin axtarışa verilməsi ilə əlaqədar bu qədər təşviş içində olmaları məhz bundan qaynaqlanır. Azərbaycan hərb yolu ilə ərazilərini azad edə bilirsə, Araikin həbsi niyə də mümkün olmasın? Ermənilər bu sualı özlərinə verir. O üzdən, ermənilər bu dəfə Araikin həbsdən yayına biləcəyinə əmin deyillər. Baş separatçı həbs olunsa, bu hansısa müharibəyə gətirib çıxarmayacaq. Müharibə olsa, separatçılar nəzarətində saxladıqları digər əraziləri də itirəcəklər”.

İAT sədri onu da qeyd etdi ki, proseslərin gedişi ermənilərin Araiklə bağlı narahatlıqlarının artacağını göstərir.