Kərəm Həsənovun bacısından 2 milyon alan falçılara hökm oxundu
Külli miqdarda dələduzluqda təqsirləndirilən Ceyhun Zeynallı və Şəfəq İsmiyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökmoxunub.
Hökmə əsasən, Ceyhun Zeynallı 11 il, Şəfəq İsmiyeva isə 10 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 2020-ci ilin fevral ayında C. Zeynallı və onun qısa müddət həyat yoldaşı olmuş Ş. İsmiyeva barəsində vətəndaş, 1976-cı il təvəllüdlü Reyhan Əvəz qızı Ağarzayevanın şikayəti əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlanıb.
Belə ki, Prezident Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun bacısı Rəna Ağarzayevadan övladının bəxtini açdırmaq üçün 2 milyon pul alıb.
İttiham aktına görə, İsmiyeva Şəfəq Müslüm qızı etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə Zeynallı Ceyhun Şahin oğlu ilə cinayət əlaqəsinə girib və 2017-ci ilin əvvəllərində "İnstagram” sosial şəbəkəsində "baxıcı” adlı səhifə açıb.
O, özünü “Maya”, əri Ceyhun Zeynallını isə Rusiya Federasiyasında yaşayan “Dmitri” adlı baxıcı kimi təqdim edib. Kart vasitəsilə fala baxdığını və qadınların gələcək taleyi ilə bağlı proqnozlar verə bildiyini söyləməklə ona müraciət edən qadınların etibarını qazanıb.
Şəfəq İsmiyeva ona müraciət edən R.Ağarzayevanın qız övladının öləcəyi, bəxtinin bağlanması ilə bağlı cadu edildiyini bildirərək daha yüksək gəlir əldə etmək məqsədi ilə ilə Rusiya Federasiyasında yaşayan "Dmitri” adlı baxıcının da köməyindən istifadə olunacağını bildirib.
Xatırladaq ki, prokuror C. Zeynallıya 13 il, Ş. İsmiyevaya isə 10 il 6 ay həbs cəzası verilməsini istəmişdi.