Rauf Zeyni: “İnsanların diqqətinə özlərinə cəlb etməklə “qəhrəman” obrazı yaratmaqdan başqa bir şey deyil”
Milli Qeyri Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni bugünlərdə yolu kəsərək etirazlarını bildirən yük maşınlarının sürücüləri ilə bağlı yaranmış vəziyyətlə əlaqəli mövqeyini Azinforum.az-la bölüşüb:
“Ölkədə vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə yaradılan geniş imkanlar vətəndaşların pozulmuş hüquqlarının bərpası ilə bağlı hüquq müdafiə fəaliyyətinin də genişlənməsinə gətirib çıxarmışdır.
Lakin bu imkanlardan bəhrələnərək “hüquq müdafiəçisi” adı altında çıxış edən bəzi "hüquq müdafiəçisi" öz çirkin siyasi məqsədləri naminə həyata keçirdikləri fəaliyyət təəssüf hissi doğurur.
Çünki ölkədə və beynəlxalq aləmdə kifayət qədər tanınmış hüquq müdafiəçiləri var ki, onlar öz məqsədyönlü fəaliyyətləri ilə cəmiyyətin inkişafına, insanların problemlərinin həllinə, milli maraqlarımızın qorunmasına xidmət edir.
Lakin adıçəkilən kəslərin yolu bağlayaraq ictimai qaydanı pozan şəxslərin guya müdafiəsinə qalxmaları cəmiyyətdə sensasiya, insanların diqqətinə özlərinə cəlb etməklə “qəhrəman” obrazı yaratmaqdan başqa bir şey deyildir.
Unutmaq olmaz ki, hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Bu baxımdan digər şəxslərin hüquqlarının pozulması hesabına hüquqların həyata keçirilməsi yolverilməzdir.
Ona görə də onların hüquq müdafiəçisi rolunda çıxış edərək cəmiyyətdə çaşqınlıq yaradan istənilən fəaliyyətləri ictimai qınağa layiqdir və bu kimi hallar əsl hüquq müdafiə fəaliyyəti ilə məşğul olan, insanların pozulmuş hüquqlarının bərpasına çalışan, ictimai iştirakçılığı və ictimai nəzarəti həyata keçirən qeyri-hökumət təşkilatlarının da fəaliyyətinə, imicinə kölgə salır. Bu isə qəbuledilməzdir”.
Azinforum.az