Sosial şəbəkədə biz:

Təbriz Musayev: “Rusiya üçün MDB dövlətlərinin etimadını qazanmaq asan olmayacaq”

23 February 2022, 20:27
Gündəm

Rusiya prezidenti Vladimir Putin, gözlənildiyi kimi, Ukraynadakı iki separatçı qurumu tanıdı. Bundan sonra Avropanın şərqində - böyük bir regionda hadisələrin necə cərəyan edəcəyi əsas suallardan biri olaraq qalır. Bu həm də Rusiyanın MDB məkanında hansı siyasət yeritdiyini və bunun nə kimi çətinliklər yaradacağını gündəmə gətirir.

1991-ci ildə SSRİ süqut edəndən sonra yaradılan Müstəqil Dövlətlər Birliyi ittifaq miqyasında Rusiyanın maraqlarının qorunmasını özündə ehtiva edirdi. Ancaq Baltikyanı dövlətlər bu birliyə qoşulmadı. 2008-ci ildə Rusiyanın Cənubi Osetiyaya hərbi müdaxiləsindən sonra Gürcüstan MDB-ni tərk etdi. 2014-cü ildə Krımın Rusiyaya birləşdirilməsindən sonra Ukrayna da bu qurumdan çıxdı. Hazırda Rusiya vaxtilə SSRİ-nin və MDB-nin yaradılmasında əsas baza rolunu oynayan 3 dövlətdən birini - Ukraynanı tamamilə itirib. Məlum hadisələr Ukraynanı Rusiyadan daha çox uzaqlaşdırdı. Bununla yanaşı, Gürcüstan Rusiyanın təmsil olunduğu əksər birlik formatlarında iştirakdan imtina edir.

Bütün bu deyilənlərin fonunda, Rusiyanın Danbasdakı separatçı bölgələrlə bağlı məlum qərarları digər postsovet ölkələri ilə münasibətlərin daha səmimi qurulmasına hansı maneələri törədəcək?

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin fikrincə, Donbas məsələsi mütləq müxtəlif formalarda Rusiyanın MDB ölkələri ilə münasibətlərinə təsir edəcək: “Əvvəla, Rusiyanın MDB ölkələri ilə münasibətləri əvvəlki kimi yaxın olmayacaq. Ölkələrdə Rusiyadan müəyyən çəkingənliklər olacaq. Bəzi dövlətlər mümkün olan qədər Moskva ilə münasibətlərə ehtiyatlı formada yanaşmağa çalışacaqlar. Çünki Donbas məsələsi onların üzərində sanki bir “domokl qılıncı” rolunu oynayacaq. Qazaxıstan Rusiyanın qurduğu ittifaqlarda yaxından iştirak edirdi. Həm iqtisadi, həm də hərbi ittifaqda təmsil olunurdu. Ancaq bütün bunlara baxmayaraq, Rusiya bir sıra məsələlərdə Qazaxıstanın müstəqil siyasət yeritməsini həzm edə bilmirdi. Bu ilin əvvəlində Qazaxıstanda baş verən hadisələr bunu bir daha göstərdi. Məsələ ondadır ki, bir tərəfdən hansısa separatçı bölgəni tanımaq, o biri tərəfdən MDB dövlətlərinin ərazi bütövlüyünü dəstəkləmək, necə deyərlər, elə də uzlaşmır. Çünki sözügedən faktor Rusiyaya tam etibar etməyə imkan vermir. Bu baxımdan hesab edirəm ki, Rusiyanın MDB dövlətləri ilə bağlı siyasətində problemlər özünü göstərəcək. Ona görə ki, bu zəmanət vermir ki, Rusiya haçansa digər ölkələrə münasibətdə bənzər addımı atmayacaq. Bax, MDB dövlətləri ilə bağlı siyasətdə çətinlik əsasən bununla bağlı olacaq”.

O baxımdan İAT sədri hesab edir ki, Rusiya üçün MDB dövlətlərinin etimadını qazanmaq asan olmayacaq.