Sosial şəbəkədə biz:

"Xocalı soyqırımı hadisəsi Holokost, Oradur,Lidisa, Xatun, Serebrenitsa kimi dəhşətli faciələrlə bir sırada dayanır" - BAP

25 February 2022, 16:18
Gündəm

Böyük Azərbaycan Partiyası Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb.

Bəyanatda qeyd edilir ki, 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhəri işğal olundu və dinc əhaliyə qarşı soyqırım aktı törədildi: "Xocalı soyqırımı nəticəsində 106 qadın,63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb.

Şəhər yerlə yeksan edildi.Həmin faciəvi gecədə 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə bir valideynini itirdi. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürüldü.

Bu hadisə erməni faşizminin əsil sifətini, mahiyyətini, niyyətini və vəhşi kimliyini açıq-aşkar ortaya qoydu.

Xalqımızın 20-ci əsrdə üzləşdiyi Xocalı soyqırımı hadisəsi insanlıq tarixinə düşmüş Holokost, Oradur,Lidisa, Xatun, Serebrenitsa kimi dəhşətli faciələrlə bir sırada dayanır.

Xocalı soyqırımı beynəlxalq cinayətdir və bunu törədənlər mütləq cəzalarını almalıdır.

Bir sıra ölkələr tərəfindən Xocalı soyqırımı tanınmış və faciəyə beynəlxalq siyasi qiymət verilmişdir. Lakin hələ bu istiqamətdə görüləcək çox işlər var və təbii ki, Xocalı soyqırımının bütün dünyada daha geniş tanınması, cinayətkarların cəzalandırılması üçün fəaliyyətimiz davam etdirilməlidir.

Böyük Azərbaycan Partiyası yuxarıda göstərilənləri nəzərə alaraq Xocalı soyqırımı zamanı qətlə yetirilən soydaşlarımızın ruhunu rəhmətlə anaraq, bu faciəni qan yaddaşımız kimi qəbul edərək Ermənistan rəhbərliyi tərəfindən xalqımıza qarşı həyata keçirilən Xocalı soyqırımını beynəlxalq cinayət hesab edir, bu cinayəti törədənləri, ona rəhbərlik edənləri lənətləyir və onların ən ağır şəkildə cəzalandırılması üçün konkret addımlar atılmasının zamanı çatdığını bəyan edir".

Azinforum.az