Mirkazım Seyidov: “DTX generalı icra başçısı postunda – indiyədək bu postda özünü doğrultmayan generallar olub”
Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən Araz Süleyman oğlu Əhmədov Masallı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Araz Əhmədov Dövlət Təhlükəsizlik Xidmətinin general-mayoru olub. Əslən Ordubad rayonunun Biləv kəndindən olan Araz Süleyman oğlu Əhmədov uzun illər təhlükəsizlik xidməti orqanlarında çalışıb.
Qarabağ müharibəsi veteranı, Qubadlı uğrunda döyüşlərdə iştirak etmiş Araz Süleyman oğlu Əhmədov 1991-ci ildən 2006-cı ilə qədər Milli Təhlükəsizlik orqanlarında əməliyyat müvəkkilindən idarə rəisinədək müxtəlif vəzifələrdə çalışıb. 1998-ci ildə mərhim prezident Heydər Əliyevin imzaladığı Sərəncama əsasən Azərbaycan dövlətçiliyinin qorunmasında, kəşfiyyat-təxribat fəaliyyətinin qarşısının alınmasında, əməliyyat-axtarış və istintaq tədbirlərinin həyata keçirilməsində xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə mayor Əhmədov Araz Süleyman oğlu “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib. Daha sonra polkovnik rütbəsi alan Araz Əhmədov Prezident İlham Əliyevin 2019-cu ildə imzaladığı Fərmana əsasən 24 dekabr 1998-ci il general-mayor ali hərbi rütbəsinə layiq görülüb. Araz Əhmədov 2020-ci ildə “ Vətən uğrunda " medalı ilə təltif olunub. Ailəlidir, 1 oğlu, 2 qızı var.
Qeyd edək ki, Prezidentin bu təyinatı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İnsanlar yeni icra başçısının təmsil olunduğu və generala qədər yüksəldiyi qurumun mötəbərliyinə, yeni başçının malik olduğu təcrübəyə güvəndikləri üçün bu təyinata böyük ümidlə yanaşırlar. Ancaq etiraf edək ki, bu praktikadan əvvəl də istifadə olunub. Məsələn, general rütbəli Əliağa Hüseynov Salyana icra başçısı göndərildi və etiraf edək ki, heç də ona bəslənən etimadı doğrulda bilmədi. Hər halda ümid edək ki, yeni təyin olunan general icra başçısı bütün bunlardan doğru nəticə çıxararaq, Prezidetin ona göstərdiyi yüksək etimadı doğruldacaq. Bu təyinatla bağlı siyasilər nə düşünür?
Böyük Dayaq Partiyasının sədri Mirkazım Seyidov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Prezident yeni icra başçılarını qəbul edərkən etdiyi çıxışdan çox ciddi nəticələr çıxarmaq lazımdır: “Hiss edilir ki, bəzi icra başçılarının və məmurların baş verən hadisələrdən lazımınca nəticə çıxarmamaları onu dərindən narahat edir. Ölkə başçısı yenə də icra başçılarının yol verdiyi ciddi qanun pozuntularından danışdı. Bunların böyük əksəriyyəti ölkədə reallaşan icra başçılarının həbsindən sonra yaşanıb. Ölkədə kadr islahatlarına start verilib. İslahata mane olan bəzi məmurlar işdən kənarlaşıb. Ancaq yenə də sabotaj hiss edilir. Bəzən yeni kadrlar belə köhnə qayda-qanunlarla işləyir. Ölkə başçısı son təyinatında çox gözəl model seçib. Gənclərə etimadla yanaşı, nisbətən yaşlı nəslin də təcrübəsindən istifadə edir. Bu olduqca önəmlidir. Biz gözəl kadrlarımızı yaşına görə diskriminasiya edə bilmərik. Xüsusilə də sınaqdan çıxmış bir strukturun təmsilçisi olan generalın Masallıya icra başçısı təyin edilməsi bir daha təsdiq edir ki, təcrübəyə də böyük ehtiyac var. Masallı çox böyük və həssas bölgədə yerləşən rayondur. Yəqin ki, ölkə başçısı bu seçimi təsadüfən etməyib. Ümidvaram ki, yeni təyin edilən icra başçısı da bu etimadı lazımınca doğruladacaq. Çünki onun idarəetmədə kifayət qədər təcrübəsi var. Bununla o, həm də gənc nəslə nümunə ola bilər. Bu cür şəxslər ikiqat məsuliyyət hiss edir. Həm tutduğu posta, həm də qazandığı ali general rütbəsinə hörmətlə yanaşmalıdır”
Məhəmmədəli QƏRİBLİ