Sosial şəbəkədə biz:

Eldar Mahmudovun həbs etdirdiyi AZAL-ın vəzifəli şəxsi azadlığa buraxıldı

30 August 2022, 16:14
Gündəm

“Azərbaycan Hava Yolları” (AZAL) Dövlət Konserninin Aviasiya Təhlükəsizliyi İdarəsinin sabiq rəisi Emil Süleymanov azadlığa buraxılıb.

Azinforum.az-ın xəbərinə görə, bu barədə hüquq müdafiəçisi Rüfət Səfərov məlumat verib.

Bildirib ki, Emil Süleymanov 15 ildən sonra bu gün 9 saylı cəzaçəkmə müəssisəsindən azadlığına qovuşub.

Qeyd: Emil Süleymanov və digərləri 2007-ci ilin 6 sentyabrında həbs edilib. Ona qarşı Azərbaycan Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 274-cü (dövlətə xəyanət), 308-ci (vəzifə səlahiyyətlərini aşma)maddələri ilə ittiham irəli sürülüb.

Məhkəmənin qərarı ilə Emin Süleymanov 15 il müddətinə azadlıqdan mərhum edilib.

Onun anası Zərifə Süleymanova hələ 2007-ci ildə mətbuata açıqlaması zamanı bəyan edib ki, oğluna o vaxtkı MTN-də ciddi işgəncə verilib. Ondan saxta ittihamları boynuna almaq istənilib, əks təqdirdə isə bir neçə ay yaşayacağı deyilib.

Xatırlatma: Emil Süleymanovu sabiq MTN şefi Eldar Mahmudovun həbs etdirdiyi deyilir.