Sosial şəbəkədə biz:

Nəcməddin Sadıkov ABŞ generalına erməni təxribatlarından danışıb

27 May 2016, 09:16
Gündəm
Mayın 26-da Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov ölkəmizdə səfərdə olan ABŞ-ın Avropadakı quru qoşunlarının komandanı general-leytenant Frederik Ben Hodcesin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Mia.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata əsasən, qonaqları salamlayan Baş Qərargah rəisi Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində son zamanlar yaranan gərginlik, o cümlədən atəşkəsin pozulması səbəbləri, Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlar və onların nəticələri barədə qarşı tərəfə ətraflı məlumat verib. Ölkəmizə səfərindən məmnunluğunu ifadə edən və qonaqpərvərliyə görə təşəkkürünü bildirən general-leytenant B.Hodces bu görüşün Azərbaycan ilə ABŞ-ın Avropadakı quru qoşunları arasında əməkdaşlığın genişləndirilməsinə zəmin yaradacağına ümidvar olduğunu bildirib. Görüşdə bölgədəki hərbi-siyasi vəziyyət, beynəlxalq sülhməramlı missiyalarda uğurlu əməkdaşlıq, eləcə də hərbi təhsil, treninq və qarşılıqlı təcrübə mübadiləsi sahəsində məsələlər ətraflı müzakirə olunub.