Sosial şəbəkədə biz:

Müharibənin uzanması Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?

17 April 2023, 09:11
Gündəm

24 fevral 2022-ci ildə Rusiya-Ukrayna müharibəsinin başlamasının dünya iqtisadiyyatına çox ciddi fəsadları olub.

Bütün dünyada inflyasiya yüksəlib, başqa qida məhsulları olmaqla, gündəlik tələbat mallarının qiyməti kəskin artıb. Hər kəs bu müharibənin bir an öncə bitməsini istəsə də, son açıqlamalardan və proseslərdən bunun uzaq bir ehtimal olduğunu görürük.

Son olaraq, Polşanın Baş naziri Mateuş Moraveyski də Ukraynadakı müharibənin bir neçə il davam edə biləcəyini deyib.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi iqtisadi cəhətdən Azərbaycana da təsirsiz ötüşmədi. Müharibə başladıqdan sonra idxal etdiyimiz malların qiyməti kəskin artdı, ölkədəki inflyasiya göstəriciləri yüksəldi.

Lakin onu da əlavə etmək laızmdır ki, ötən dövr ərzində Azərbaycanın neftinə təlabat artdı, xüsusilə ölkəmiz Avropanın enerji təchizatındakı rolu yüksək qiymətləndirildi.

Ümumiyyətlə, Rusiya-Ukrayna müharibəsinin uzun illər davam etməsinin Azərbaycan iqtisadiyyatına müsbət və ya mənfi təsirləri ola bilər?

Mövzu ilə bağlı Cebhe.info-ya açıqlama verən iqtisadçı ekspert Eyyub Kərimli bildirib ki, Rusiya-Ukrayna müharibəsinin ölkəmizin də iqtisadiyyatına müəyyən mənfi təsirləri olub:

"Çünki həm Rusiya, həm də Ukrayna bizim əhəmiyyətli xarici ticarət tərəfdaşımızdır. Biz Rusiyadan da, Ukraynadan da əsasən taxıl, ət, süd məhsulları və gübrə idxal edirdik. Sözsüz ki, bu müharibə həmin məhsulların qiymətinə mənfi təsir göstərdi və bahalaşma baş verdi. Düzdür, xarici ticari dövriyyəmizdə neftin və qazın qiymətinin, eləcə də tələblərinin artması ilə müəyyən gəlirlər əldə etdik. Lakin Rusiya-Ukrayna müharibəsi bütün dünyada olduğu kimi ölkəmizdə də böyük inflyasiya həddi doğurdu. Bu da öz növbəsində ərzaqların qiymətinin artmasına gətirir çıxardı və əhalinin büdcəsinə mənfi təsir etdi. Çünki bu, ərzaqlara daha çox vəsait xərclənməsinə səbəb oldu".

Ekspert hesab edir ki, Ukraynadakı müharibənin uzanması bu proseslərə yenə də mənfi təsir göstərəcək:

"Artıq məlumatlar yayılır ki, Rusiya "Taxıl sazişi"ndən də çıxacaq. Bu isə gələcəkdə digər ərzaqların da qiymətinin artmasına səbəb ola bilər. Yəni belə olarsa, ölkəmizdə inflyasiya arta, əsasən ərzaq, toyuq məhsulları, gübrə və digər istiqamətlərdə bahalaşma müşahidə edilə bilər".