Sosial şəbəkədə biz:

Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin 45 yaşı tamam olur

06 May 2023, 13:23
Gündəm

Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin fəaliyyətə başlamasından 45 il keçir. Bu münasibətlə aprelin 21- də təhsil ocağında keçirilən yubiley tədbirində Bərdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vahid Qarayev, millət vəkili Fatma xanım Yıldırımın köməkçisi Fuad Ağayev, Bərdə rayon Ağsaqqallar Şurasının sədr müavini Rzaqulu Şərifov, bu kollecin ilk məzunlarından olmuş Ədibə xanım və təhsil ocağının müəllim kollektivi iştirak etdilər.

Dövlət himninin səsləndirilməsi və şəhidlərimizin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbiri giriş sözü ilə açan kollecin direktor vəzifəsinin icraçısı aqrar elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayev tədbir iştirakçılarını salamlayıb, qonaqlara dərin təşəkkürünü bildirdi.

Xosrov müəllim bir alim kimi bu kollecin 45 ildə keçdiyi inkişaf yolundan, tarixi mərhələlərindən, əldə etdiyi uğurlardan və qarşıda duran mühüm vəzifələrdən söz açdı. Bildirdi ki, 1978- ci ildən Ulu öndər Heydər Əliyevin təşəbbüsü və xeyir-duası ilə yaradılan, Bərdə Pambıqçılıq Texnikumu adlandırılan bu kollec kənd təsərrüfatının müxtəlif sahələri üzrə geniş profilli, dərin savada, biliyə malik ixtisaslı kadrların hazırlanmasında əhəmiyyətli rol oynayıb.

Aqrar elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayev yığcam, lakin mükəmməl və əhatəli çıxışında fəxrlə ölkə başçısı Prezident İlham Əliyevin 2023- cü ili Heydər Əliyev ili elan etməsi haqda sərəncamın əhəmiyyətindən, eləcə də pandemiya dövründən sonrakı qısa zaman kəsiyində kollecin imza atdığı uğurlardan da danışdı.X. Musayev qeyd etdi ki, kollektivin fədakar əməyinin nəticəsidir ki, bu gün təhsil ocağında respublikamızın ayrı-ayrı bölgələrindən 10 ixtisas üzrə 800- dən artıq tələbə təhsil alır…


Bərdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vahid Qarayev yubiley münasibətilə müəllim kolektivini təbrik edib bildirdi ki, Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində reallaşan bu tədbirdə elmimizə, təhsilimizə göstərilən yüksək dövlət qayğısı xüsusilə vurğulanmalıdır.
Vahid Qarayev güclü məntiqə söykənən bəlağətli və gözəl çıxışında onu da əlavə etdi ki, Prezident cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində təhsilin inkişafı və mövcud problemlərin həlli istiqamətində atılan hər bir addım bu kollecin fəaliyyətinin müasir tələblər səviyyəsində inkişafına zəmin yaratmışdır.

Millət vəkili Fatma xanım Yıldırımın köməkçisi Fuad Ağayev də təhsil ocağının pedaqoji kollektivini 45 illik yubiley münasibətilə təbrik etdi.F.Ağayev millət vəkili Fatma xanımın da kollektivə ünvanlanmış təbrikini çatdırdı…


Kollecin baş mühasibi Raqub Yunisovun dərin məntiqi faktlara, dəlillərə söykənərək şərh etdiyi fikirlər tədbir iştirakçılarının böyük marağına səbəb oldu.Bu prizmadan yanaşanda 45 illik yubiley müstəvisinin 42 ilinə tam şahidlik edən dəyərli ziyalımız Raqub Yunisov qısa təbrikdən sonra 1977- 1978 - ci illərdən bugünə xəyali körpü tutub pambıqçılıq, kənd təsərrüfatı texnikumu kimi fəaliyyət göstərən tədris müəssisəsinin çətinliklərini və uğurlu göstəricilərini sinədən dəqiq rəqəmlərlə elə gözəl, səhih analiz etdi ki, daha bu barədə videoçarxı izləməyə ehtiyac qalmadı.Auditoriyada olduğum üçün əminliklə deyərdim ki, Raqub Yunisov sanki "canlı ensiklopediya"dır…


Əslində bu fikirlər ayrıca bir yazının aktual mövzusu olsa da, bu yaşında belə savadlı, təcrübəli mütəxəssis- ziyalılarımızla fəxr duymalıyıq…
Yeri gəlmişkən bu təhsil ocağının əldə etdiyi nailiyyətlərdə idarəetmə və təşkilatçılıq bacarığı, səmərələşdirici təkliflərilə daim fərqlənən müəllimlərdən Emin Əliyev, Əsli Süleymanova, Gülsüm Yusibova, Yeganə Ağayeva, Əli Babayev,Aydın Zeynalov, Rüxsarə Həsənova, Validə Məmmədova və digərlərinin zəhməti təqdirəlayiqdir.


Bərdə rayon Ağsaqqallar şurasının sədr müavini Rzaqulu Şərifov və kollecin fəal müəllimi, dairə seçki məntəqəsinin sədri Aydın Zeynalov çıxışlarında təhsilimizin daim dövlət qayğısı ilə əhatə olunmasını önə çəkdilər. Aydın Zeynalov bildirdi ki, bugünkü saysız- hesabsız nailiyyətlərimizə görə Ulu öndər Heydər Əliyevə minnətdarıq və onun yolunu uğurla davam etdirən, yarımçıq qalmış arzularını gerçəkləşdirən möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurlar bir daha göstərir ki, Azərbaycan etibarlı əllərdədir və zaman ötdükcə daha böyük nailiyyətlərə imza atacağıq…
Bu təhsil ocağının 50 illik yubileyində görüşmək ümidi ilə kollektivə yeni- yeni uğurlar arzuladıq.


Rövşən Mayıloğlu