Rusiya baş nazirinin müavini Rəşt-Astara dəmir yolundan danışdı
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin (İTC) bir hissəsi olan Rəşt-Astara dəmir yolu xəttinin tikintisi 2027-ci ildə başa çatacaq.
Bu barədə Rusiya baş nazirinin birinci müavini Andrey Belousov bildirib.
“Müqaviləyə əsasən, tikinti 4 il çəkməlidir. Artıq layihələndirmə və geoloji kəşfiyyat işləri aparılır. Biz planlaşdırırıq ki, 2027-ci ilin III rübündə və ya 2027-ci ilin sonuna qədər bütün işlər tam başa çatdırılsın”, - deyə baş nazirin müavini bildirib.
Belousov bildirib ki, bu marşrutun tətbiqi üçün çox fəal iş gedir: “Xəzər dənizinin sahil zolağı dayazdır və gəmilərin daxil olması üçün orada xüsusi kanal çəkilir və bu il müvafiq olaraq dərinləşdirmə işlərinə başlanılıb. Ümumilikdə, Şimal-Cənub marşrutu üzrə biz 2030-cu ilə qədər yükgötürmə qabiliyyətini 41-45 milyon tona çatdırmağı planlaşdırırıq ki, bu da bugünkü həcmdən üç dəfə çoxdur. Bu gün biz bu üç istiqamətdə (Şərq, Mərkəzi və Transxəzər) təxminən 15 milyon tona yaxın yük nəql edirik”.